Kimsə bizim suverenliyimizi təhdid altına qoya bilməz - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

7 Oktyabr 2024 14:01 (UTC+04:00)

“Azərbaycan öz gücü hesabına Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdi, o cümlədən də 4 oktyabr tarixində Cəbrayıl şəhəri işğaldan tam azad olundu ki, məhz sonradan da bu tarix Cəbrayıl şəhər günü kimi qeyd olundu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Deputat sözlərinə belə davam edib: “Hal-hazırda işğaldan azad olunan Cəbrayılda biz şəhər gününün 4 ildir qeyd edirik. Şükürlər olsun ki, artıq Cəbrayıla keçmiş məcburi köçkünlər qayıdır, onlar öz dədə-baba torpaqlarında yenidən həyata başlayırlar. Həqiqətən bu bizim uzun illər arzuladığımız, xəyal etdiyimiz anlar idi və biz bu anları gerçəkləşdirə bildik. Azərbaycanın rəşadətli Ordusu, qəhrəman əsgər və zabitlərimiz ölümün gözünə dik baxaraq Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin əmrini uğurla yerinə yetirərək bu işğala son qoya bildilər.

Şükürlər olsun ki, biz bu günləri görə bildik. Bu günləri Azərbaycan tək Cəbrayıl deyil bütün Qarabağ və Şərqi Zəngəzur torpaqlarında quruculuq-abadlıq işlərini uğurla həyata keçirilir. Biz burada yalnız yaşayış evləri deyil, bütün infrastrukturu yenidən qururuq. Çünki faktiki olaraq 30 illik işğal dövründə Ermənistan və separatçılar daşı daş üstə qoymayıblar. Faktiki olaraq bu torpaqların ona məxsus olmadıqlarını bildikləri üçün bütün bu ərazilərdə evləri, infrastruktur binalarını, hətta bizim məzarlarımızı belə təhqir ediblər. Bütün daşları, bütün yararlı tikinti materiallarını buradan daşıyıb aparıblar. Bu baxımdan da biz bu əraziləri yenidən qururuq. Bu ərazilər yenidən əvvəlkindən də daha yaxşı hala gətirilir. Ancaq buna baxmayaraq dağıdılmış evlər açıq muzey şəklində saxlanılır və bu ərazilərə səfərləri təşkil edilmiş Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndələr, səfirliklər, səfirliklərin əməkdaşları, o cümlədən Azərbaycana təşrif buyuran xarici təşkilatların nümayəndələri məhz bu ərazilərə gələrkən həm yeni tikilmiş binaları, yolları, körpüləri infrastruktur layihələrini görüblər, eyni zamanda ermənilərin həyata keçirdikləri vandal siyasətin qalıqlarını da görürlər. Burada artıq hər şey aydın olur ki, torpağın sahibləri geri qayıdıblar və onlar yenidən öz torpaqlarına sahib çıxırlar, öz vətəndaşlarını dədə-baba yurdlarına geri qaytarırlar.

Bir sözlə, Azərbaycan BMT-nin 4 qətnaməsini özü reallaşdırıbdır. Bu günləri çox təəssüflər olsun ki, bu zəfəri, Azərbaycanın güclənməsini sinirə bilməyən, Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmək istəməyən qüvvələr yenidən Cənubi Qafqazda münaqişə ocağını alovlandırmaq istəyirlər. Yenidən Ermənistandakı revanşist qüvvələri gücləndirmək, cəsarətləndirmək və yeni müharibənin tezliklə başlanmasını dəstəkləyirlər. Biz bu yanaşmaya çox-çox təəssüf edirik. Çünki insan haqlarından, demokratiyadan dəm vuran o qüvvələrin bu günləri 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan təcavüzkar dövlətə açıq şəkildə maliyyə dəstəyi verməsi, silahlandırılmaması heç cürə qəbuledilməzdir. Onlar yenidən bu torpaqları müharibənin mərkəzinə çevirmək istəyirlər. Ancaq Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər çaldı. 2023-cü ilin sentyabr ayının 20-də suverenliyini tam olaraq bərpa etdi və kimsə cəsarət edib bizim suverenliyimizi təhdid altına qoya bilməz. Şükürlər olsun ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin gedişində olduğu kimi bu gün də Ali Baş Komandan cənab Prezident İlham Əliyevin yanındadır, xalq, ordu, lider birliyi bu gün də mövcuddur.

Biz Azərbaycan suverenliyini həmişə qoruyacağıq və Azərbaycan vətəndaşlarının sosial rifahını yaxşılaşdırılması, onların öz dədə-baba torpaqlarında daima yaşayışını təmin etmək üçün hər şey edəcəyik. Cəbrayıl şəhər günümüz mübarək olsun”.

Ayşən Vəli