"Cəbrayılın işğaldan azad olunması torpaqlarımızın işğaldan azad edilməsi prosesində xüsusi mərhələ idi. Azərbaycan Prezidenti keçdiyimiz günlərdə Cəbrayıla səfəri zamanı bir daha qeyd etdi ki, Cəbrayıl işğaldan azad etdiyimiz ilk şəhərimiz oldu". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Cəbrayıl sıradan şəhərlərdən biri deyil, strateji mövqeyinə və hərbi-siyasi əhəmiyyətinə görə, çox mühüm coğrafiyada yerləşən şəhərimizdir: "Çünki Cəbrayıl şəhəri Xudafərin körpüsündən başlayaraq İrana söykənir və 30 il müddətində bu torpaqlarda ayrı-ayrı ölkələrin Azərbaycanı istismar etmək üçün bir ərazisinə çevrilmişdi. Buna görə də məhz Cəbrayılın işğaldan azad edilməsi ilk növbədə bu istismara son qoymaqla Zəngilan istiqamətindəki hərbi əməliyyatlarımızın uğurunu təyin etdi.
Azərbaycan ölkə başçısı Cəbrayıllı soydaşlarımızın öz yurd-yuvasına qayıtması ilə keçirilən tədbirdə Ermənistana və onun himayədarlarına mühüm mesajlar verdi. Dövlət rəhbəri dağılmış, yerlə-yeksan edilmiş Cəbrayılı göstərərək qeyd etdi ki, biz əsla bir daha ermənilərin yeni tikilən Cəbrayılı da pis günə qoymaqlarına icazə verməyəcəyik. Ermənistanın silahlanması Azərbaycan üçün real təhdid yaradarsa, Azərbaycan tərəfi hər bir halda qarşı tərəfi zərərsizləşdirmək potensialına malik olduğunu göstərəcək. Zənnimcə, Cəbrayılda Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər "Dəmir Yumruğ"un hər iki üzünün dünyaya göstərilməsi baxımından mühüm əhmiyyətə malikdir. Yeni ərazi iddiaları ilə çıxış etmək istəyənlərə yönəlmiş mesajlar da yerinə çatdı. Əgər düşmənlər yenidən bizim maraqlarımıza qarşı çıxarlarsa, "Dəmir Yumruğ"un dadını bir daha görəcəklər. Bu baxımdan da ölkə liderinin çıxışındakı mesajlar çox vacibdir. Bir zamanlar işğal günlərinin anıldığı şəhərlərin bu gün şəhər günlərinin keçirilməsi, qeyd edilməsi hər birimiz üçün milli qürurdur".