Əməkdar rəssam Rza Avşarın 75 yaşının tamam olması münasibətilə onun sənət əsərlərindən ibarət yaradıcılıq sərgisi keçirilib.
SİA xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda baş tutan sərgi “Payız rəngləri” adlanıb.
Sərginin açılış mərasimində çıxış edənlər Rza Avşarın rəsm əsərlərini yüksək qiymətləndiriblər. Bildirilib ki, Rza Avşarın yaradıcılığında Vətənə məhəbbət əsas mövzulardan biridir.
Azərbaycanın Xalq artisti, tanınmış teatr və kino aktyoru Muxtar Avşarovun ailəsində dünyaya göz açan rəssam öz əsərlərində incəsənətin zəngin ənənələrini təcəssüm etdirib.
Tədbirdə çıxış edənlər Rza Avşarın özünəməxsus üslubda əsərlər yaratdığından söz açıblar. Bütün janrlarda fırçasını sınayan rəssam hər bir əsərini kövrək, həssas qəlbinin hökmü ilə yaradaraq tamaşaçıya təqdim edir. Onun natürmort və mənzərə janrında olan əsərlərində özünəməxsusluq aydın nəzərə çarpır.
Açılışdan sonra sənətsevərlər rəssamın yaradıcılığını əks etdirən, əsasən natürmort, portret və mənzərələrdən ibarət sənət əsərləri ilə yaxından tanış olublar.
Bakıda oktyabrın 9-dək davam edəcək sərgi növbəti günlərdə rəssamın doğulduğu Gəncə şəhərində keçiriləcək.