HƏMAS-ın hücumundan təxminən bir il sonra İsrail yeddi cəbhədə döyüşür. Təl-Əvivin düşmənləri arasında İranın dəstəklədiyi “Hizbullah”, HƏMAS, Yəməndəki Husilər, İraq və Suriyadakı şiə silahlı dəstələri və İordan çayının qərb sahilindəki terrorçular var.
SİA-nın əldə etdiyi məlumata görə, CNN xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
O qeyd edib ki, İran son bir həftə ərzində İsrailə 200-dən çox ballistik raket ataraq münaqişədə əsas rol oynamaqda davam edir.
Netanyahu həmçinin əlavə edib ki, İsrail “Hizbullah”ın 1500 hücumuna cavab olaraq oktyabrın 8-dən bu yana 9000-ə yaxın zərbə endirərək Livana qarşı fəal hərbi əməliyyatlar həyata keçirir.
Qəzza zolağından danışan Netanyahu İsrailin HƏMAS-ın girov götürdüyü 101 nəfərin azad edilməsi üçün mübarizəni davam etdirdiyini vurğulayıb.
Baş nazir Fransa prezidenti Emmanuel Makronu və digər ölkələri İsrailə silah embarqosu tətbiq etməyə çağırdıqlarına görə tənqid edərək, İsrailin dünya sülhü və təhlükəsizliyi üçün qələbə çalana qədər mübarizə aparacağını deyib.
Əli Babayev