Hazırda Atlantik okeanının mərkəzində tüğyan edən Kirk qasırğasının yeni həftənin ortalarında Almaniyaya çatması gözlənilir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ilk növbədə Azor hövzəsini cənginə alacaq qasırğa oktyabrın 10-da Almaniyanın qərb əyalətlərinə çatacaq. Meteoroloqlar gücü saatda 100 kilometrə çatacaq fırtınanın əsasən qərb əyalətlərinə təsir edəcəyini proqnozlaşdırırlar.
Qasırğanın Atlantik okeanın mərkəzindən şimala doğru hərəkət etdikcə soyuq havanın təsiri ilə tropik xüsusiyyətlərini itirərək fırtınaya çevriləcəyi gözlənilir. Nəticədə 2017-ci ildə Ofelia qasırğasının Avropada yaratdığı kimi, güclü külək, aramsız yağış və hava burulğanlarının meydana gələcəyi ehtimal edilir.
Mütəxəssislər sularda temperaturun artması ilə əlaqədar il ərzində güclü qasırğaların meydana gələcəyini və Avropanın bu cür təbii fəlakətlərə hazır olmasının vacibliyi barədə xəbərdarlıq edirlər.