“Ötən dövr ərzində Azərbaycan Respublikası istər enerji təhlükəsizliyi, istər bütövlükdə qlobal təhlükəsizlik konfiqurasiyasının formalaşması istiqamətində ABŞ ilə ciddi əlaqələr qurmuş, qarşıya qoyulan hədəflərə çatılması istiqamətində kifayət qədər səmimi davranmışdır. Lakin, çox təəssüflər olsun ki, ABŞ yalnız birtərəfli qaydada öz maraqlarını düşünərək regionda sülh, sabitlik, inkişaf, təhlükəsizlik amillərinə yalnız imperialist prizmadan baxmış, nəticə etibarilə Vaşinqton üçün ümumbəşəri dəyərlər ikinci, üçüncü, hətta daha arxa plana keçmişdir. Məsələn ötən dövr ərzində Vaşinqton Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında münaqişənin davamlılığı üçün bütün imkanlarını səfərbər etmiş, bu münaqişənin həlli üzrə vasitəçilik missiyası daşımasına baxmayaraq bu vasitəçiliyi daha çox münaqişənin həll edilmədən dondurulmasına, Azərbaycanın işğal və təzavüzlə barışdırılmasına və beləliklə də, bölgədə daim köməyinə ehtiyac duyulan subyekt olaraq Amerikanın mövcudiyyətinə zərurət yaratmağa yönəlmişdi. Lakin Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandanlığında Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində müstəsna qələbələri bu regionda, nəhayət ki, sülh və əmin-amanlıq, dayanıqlı sabitlik üçün unikal tarixi imkan yaratmış, qlobal miqyasda əsas problemlərdən biri hesab edilən separatizmlə mübarizədə effektiv və həlledici yol xətirəsi ortaya qoyulmuş, işğal və təcavüzə son qoyulmaqla beynəlxalq hüququn aliliyi təmin edilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat sözlərinə belə davam edib: “Ərazisinin 20%-i işğalda olduğu, beynəlxalq hüquqla tanınan torpaqlarında separatizmin hökm sürdüyü və daxili imkanlarını tam səfərbər edə bilmədiyi bir dövrdə Azərbaycanın qlobal təhlükəsizlik mühitinə verdiyi töhfələr fonunda, əminliklə demək olardı ki, ölkəmiz suveren, qalib hərbi-siyasi güc kimi beynəlxalq hüquqa, ümumbəşəri niyyətlərə daha çox töhfə vermək əzmini ortaya qoya bilmişdi. Lakin, təəssüflər olsun ki, ABŞ bu dəfə də göstərdi ki, onun üçün vacib olan beynəlxalq hüququn aliliyi, qlobal təhlükəsizlik yox, təcavüzkar mahiyyətdə ifadə olunan imperialist niyyətlərdir. Belə ki, Vətən müharibəsində Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra biz ABŞ-nin ayrı-ayrı sturukturlarından, o cümlədən hakimiyyətin birbaşa himayəsi altında olan media qrumları və "beynəlxalq insan haqları" təsisatlarının bəyanatlarında mövcud reallığı qəbul etməyən və Cənubi Qafqazda sülh və sabitlik ehtimalından ciddi narahat olan bir mövqe müşahidə etməyə başladıq. Antiterror tədbirlərindən sonra isə artıq ABŞ-nin Dövlət Departamenti bütün diplomatik etiketi və beynəlxalq hüququn prinsipial tələblərini bir kənara qoyaraq media nümayəndələri, yaxud insan haqları təsisatlarının dili ilə yox, özü birbaşa Azərbaycana münasibətdə qarayaxma kampaniyasının fiquruna çevrildi.
Əlbəttə, ABŞ-nin bu davranışları bizim üçün təəccüblü deyildi, çünki Azərbaycan dəfələrlə bu ölkədən ikili standartları müşahidə etmişdi. 1990-cı illərin əvvələrində Xocalı və digər çoxsaylı soyqırm cinayətlərinə, o cümlədən işğal və təzavüzə məruz qaldığımız bir dönəmdə ABŞ ikili standartlar nümayiş etdirərək "Azadlığa Dəstək Akt"ına 907-ci düzəlişi qəbul etməklə əslində işğalı, təcavüzü dəstəklədiyini göstəmişdi. Yaxud möhtərəm Prezidentin Cəbrayıl ictimaiyyəti ilə görüşündə də ifadə etdiyi kimi, Əfqanıstan missiyası zamanı Azərbaycanın köməyinə ehtiyac duyduğu zamanlarda ölkəmizin ünvanına təriflər yağdıran Ağ Ev administrasiyaları ABŞ qoşunları Əfqanıstandan çıxdıqdan sonra Azərbaycana münasibətdə maskalarını da çıxarıb atmışdılar. Bu mənada, ABŞ-nin yenidən işğalın, təcavüzün, separatizmin, çoxsaylı hərbi-siyasi cinayətlərin hamisi kimi çıxış etməyə başlaması bizim üçün gözlənilməz olmadı. Lakin məlumdur ki, Azərbaycan cənab İlham Əliyevin qətiyyəti, dövlətimizin artan güc və imkanları, xüsusən qələbələrimizdən sonra regionda yaratdığımız geosiyasi konfiqurasiya fonunda özünün milli maraqlarını əminliklə qoruya və realizə edə biləcək güc kimi özünü dəfələrlə təsdiq edib. Cənab İlham Əliyevin müəllifi olduğu bu situasiya ABŞ-yə dünyanın digər bölgələrində davrandığı kimi hərəkət etmək imkanı vermir. Buna görə də, Vaşinqton əvvəlki çoxsaylı uğursuz hücum dalğalarından sonra Azərbaycana münasibətdə yeni kampaniya başlatmaq üçün məqam gözləməkdə idi. Ölkəmizin COP29-a ev sahibliyi etməsi bu mənada Vaşinqton üçün unikal imkan kimi görünməyə başladı. Belə bir həssas dönəmdə Azərbaycana və Azərbaycan Prezidentinə təzyiqin mümkünlüyünü düşünən ABŞ-nin əslində Dövlət Departamentinin muzdlularından ibarət olan konqresmenlərin Dövlət katibinə müraciəti formasında Azərbaycanla sanksiyalar dilində danışmağa başlaması bu "unikal" imkandan istifadə etmək cəhdidir. Aydındır ki, möhtərəm cənab Prezidentin Cəbrayıl şəhərindən də ifadə etdiyi kimi, konqresmenlərin imzaladığı, bu böhtanla dolu, Azərbaycana qarşı ayrı-seçkiliyi ifadə edən, Ermənistanın gücləndirilməsi və bu ölkənin yenidən Azərbaycan ərazilərini işğal və təcavüzə təşviq edən bu təxribat xarakterli müraciətin müəllifi əslində Dövlət Departamenti və şəxsən ABŞ Dövlət katibi Antoni Blinkendir. Təəccüblü deyil ki, Vaşinqton bu dəfə də insan haqları və demokratiya amilləri adı altında pərdələnərək regiona hücumunu ümumbəşəri dəyərlərlə əlaqələndirməyə çalışır. Baxmayaraq ki, ABŞ hələ də ən mühüm insan haqları konvensiyalarına qoşulmayıb, o cümlədən BMT-nin işgəncələrə qarşı xüsusi məruzəçisi artıq illərdir ki, ABŞ-nin bir sıra həbsxanalarına, o cümlədən dünyanın işgəncə mərkəzi hesab olunan Quantanamaya buraxılmır. Yaxud bu gün insan haqları və demokratiyadan dəm vuran ABŞ elə özünün vasitəçi qismində təmsil olunduğu, Ermənistanın təcavüzkar siyasəti nəticəsində meydana çıxan Azərbaycan-Ermənistan münaqişəsi zamanı bir milyondan artıq insanın təməl haqlarından məhrum olması, evindən-eşiyindən işgəcələr və insan ləyaqətini alçaldan digər üsullarla didərgin salınması şəraitində bir dəfə də olsun reallığa qiymət verən mövqe nümayiş etdirməmişdi. Təbii ki, belə olan tədqirdə, ABŞ ilə Azərbaycan arasında münasibətlər heç nə olmamış kimi davam edə bilməz və azərbaycanlı deputatların bu prosesə reaksiyası kifayət qədər adekvat və gözləniləndir. 43 deputatın ABŞ və Azərbaycan arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi ilə bağlı müraciəti birmənalı şəkildə münasibətlərimizin gələcək inkişaf tendensiyalarını kölgələmək deyil, Azərbaycan Respublikası bütün dünya xalqları ilə, o cümlədən də ABŞ ilə münasibətlərin yüksələn xətt üzrə inkişafının tərəfdarıdır. Lakin bu münasibətlər qarşılıqlı xarakter daşımalı, birinin digəri üzərində hegemonluq niyyətində ehtiva olunmamalıdır.
Təəssüflər olsun ki, ABŞ-nin Dövlət Administrasiyasının hazırkı mövqeyi məhz təcavüzkar niyyətlərə köklənib və ABŞ-nin dünyanın digər bölgələrində olduğu kimi Azərbaycanda da öz uyğunsuz iradəsinin yeridilməsinə hesablanıb. Belə olan tədqirdə isə, təbii ki, Azərbaycan proseslərə göz yumaraq dözmək niyyətində deyildi və deputatlarımızın ABŞ ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi barədə təklifi ilk növbədə Vaşinqtondan gələn davranışa adekvat reaksiyadır. Əgər ABŞ regionda sülh və sabitlik üçün təhdid yaradan siyasət yürüdürsə, 30 il işğal və təcavüzü davam etdirmiş Ermənistanın yenidən hərbi cəhətdən gücləndirilməsinə xidmət edən addımlar atırsa, təbii ki, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanatın heç bir önəmi qalmır, yaxud 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Saziş formal bir sənədə çevrilir. Belə olan tədqirdə, həmin müqavilələrin formallıq xatirinə qüvvədə qalması, yaxud eyni məzmunda yeni müqavilələrin razılaşdırılması, müqavilələrin uzadılması və ya yeni müqavilələrə hər hansı formada hazırlığın önəmi yoxdur. Bundan başqa, Azərbaycana münasibətdə, xüsusən Vətən müharibəsi və antiterror tədbirləri zamanı açıq düşmənçilik mövqeyi tutan, bölgədə beşinci kolon formalaşdırmaq üçün fəaliyyət göstərən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi sərbəst şəkildə fəaliyyət göstərmək və layihələr həyata keçirməklə, eləcə də müəyyən layihələrin dəstəklənməsi yolu ilə Azərbaycana və bütövlükdə regiona yaxşı heç nə vəd etmir və bu mənada, USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması barədə deputatlarımızın tələbi əslində günün reallığından doğan zərurətdir”.
Ayşən Vəli