"Blinkenə göndərilən müraciət qəbuledilməzdir" - MÜNASİBƏT BİLDİRİLDİ

6 Oktyabr 2024 10:17 (UTC+04:00)

“Azərbaycan Respublikasının Ermənistan üzərində qələbəsindən sonra regionda uzunmüddətli sülh və sabitlik üçün əsaslı şərait yaranmışdı. Otuz il müddətində regionda gərginlik və müharibəxofu bitmirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.


Deputat sözlərinə belə davam edib: “Bu gün təkcə dövlətimiz üçün deyil, bütün region üçün sülh sazişi zəruridir. Çünki ilk dəfədir ki, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyə bu qədər yaxınıq. Lakin Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün dövlət katibi Antoni Blinkenə göndərdiyi müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-nin ikitərəfli münasibətlərin bərabərhüquqlu şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.

Bildiyiniz kimi bu gün Milli Məclisin 43 üzvü xarici işlər naziri cənab Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib. Bu millət vəkillərinin içərisində mən də varam. Düşünürəm ki, dövlətimizə qarşı belə qərəzli və zərərli siyasi xətt tutan dövlətlə əlaqələrin və əməkdaşlıqların azaldılması daha məqsədə uyğun olacaqdır”.

Ayşən Vəli