“Kiçik yaşlarında başqa dildə danışan uşaqlar 6 yaşında məktəbə gələrkən fransız dili ilə qarşılaşırlar. Bu da tədrisdə irəliləyişə mane olur, qavramanı çətinləşdirir”. SİA xəbər verir ki, bunu Seneqal Tədris İşçiləri Həmkarlar Təşkilatının sədri Hacı Malik Yum bildirib.
Malik Yum Təhsil Nazirliyinin yerli dillərdə tədrislə bağlı qərarını təqdir edib. Oktyabrın 7-də başlayacaq yeni tədris ilində Kazamans şəhərindəki məktəblərdə şagirdlər yerli diola dilində təhsil alacaqlar. Ölkə konstitusiyasında təsbit edilmiş 6 yerli dildə tədris yaxın illərdə bütün regionları əhatə edəcək. Bu il 14 regiondan 12-də tədris yerli dillərdə aparılacaq.
Müəllimlər nazirliyin qərarından razıdırlar. Onların fikrincə, ana dilində təhsil daha səmərəli və sürətlidir.
Son statistikaya görə seneqallıların 53 faizindən çoxu gündəlik danışıqda volof dilindən istifadə edir. Rəsmi statusa malik fransız dilini isə gündəlik danışıqda əhalinin cəmi 0,6 faizi işlədir.
Hazırda hökumət tədrisin milliləşdirilməsi üzərində iş aparır.