Prezident İlham Əliyev tərəfindən Cəbrayıl rayonunda təməli qoyulan “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikində ilkin mərhələ üzrə 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Hicaz” MMC-nin təsisçisi Səfər Sadıqov bildirib ki, müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabrikindən ibarət olacaq.
Birinci mərhələdə 30 hektar ərazidə hər biri 1600 kvadratmetr olmaqla 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək. Burada ildə 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək. Bununla yanaşı, 2 hektar ərazidə saatda 40 ton istehsal gücünə malik yem fabriki və inzibati bina inşa olunacaq. Həmçinin 2 hektar ərazidə yerləşən soyuducu anbar və illik 24 milyon ədəd yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək.
İstehsal prosesində müasir avadanlıqlardan istifadə olunacaq. Məhsulun keyfiyyətinin daim nəzarətdə saxlanılması məqsədilə müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərəcək.
Layihə üzrə ilkin mərhələdə 150 daimi iş yerinin yaradılması nəzərdə tutulub. Sonrakı mərhələdə yumurta istehsalının artırılması, broyler quşlarının yetişdirilməsi, kəsimi və emalı nəzərdə tutulub ki, bu da əlavə olaraq 400 daimi iş yerinin yaradılmasına imkan verəcək.