Azərbaycan Şahmat Federasiyası 2025-ci ilin təqvimini təsdiqləyib

5 Oktyabr 2024 19:34 (UTC+04:00)

Azərbaycan çempionatında yüksək rəqabətin yaranması və milli üzvlərin, o cümlədən yığmaya namizədlərin yarışda iştirakının təmin edilməsi üçün aparıcı şahmatçılarla müzakirələrdən sonra yeni reqlament seçilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, bu amil zəka sahiblərinə qatılacaqları yarışların siyahısını rahatlıqla tərtib etməyə, ölkə çempionatlarında iştirak etmək və hazırlıq proqramını düzgün formalaşdırmağa kömək edəcək.

2025-ci ildə kişilər və qadınlar arasında Azərbaycan çempionatı 31 yanvar – 15 fevral aralığında keçiriləcək. Kişilərin yarışına milli komandanın üzvləri, son Azərbaycan çempionatının yarımfinalçıları, FIDE reytinqinə əsasən ən yüksək reytinqli şahmatçılar (14 iştirakçı) və I dəstədə yüksək nəticə göstərən 5 şahmatçı buraxılacaq.

Qadınların yarışında millinin üzvləri, son ölkə çempionu, FIDE reytinqinə əsasən ən yüksək reytinqli 8 azərbaycanlı şahmatçı və I dəstədə yüksək nəticə göstərən 2 iştirakçı mübarizə aparacaq.

Azərbaycan çempionatı olimpiya sistemi üzrə təşkil ediləcək. Turnir FIDE qaydalarına əsasən keçiriləcək və 5 turdan ibarət olacaq. Turun hər bir matçı 2 klassik partiyadan (ağ-qara) və burada qeydə alına biləcək bərabərlik halında tay-breyklərdən ibarətdir. İştirakçıların qeydiyyatı bu il oktyabrın 9-dan 16-dək aparılacaq.

Federasiya, həmçinin Azərbaycan çempionatları tarixində rekord sayılacaq mükafat fondu təyin edib. Kişilərin yarışında 60 min, qadınların çempionatında isə 30 min manat mükafat fondu olacaq. Mübarizəni daha maraqlı etmək üçün klassik partiyada tay-breyk olmadan mərhələ adlayan şahmatçının hər biri əlavə bonus - pul mükafatı qazanacaq. Azərbaycan çempionatının qalibi olacaq şahmatçı milli komandaya vəsiqə qazanacaq.

Yeni reqlamentin əsas məqsədi Azərbaycan çempionatında ölkənin ən güclü şahmatçılarının iştirakını təmin etməkdir.

Qeyd edək ki, 2025-ci ilin yarış təqvimi Azərbaycan Şahmat Federasiyasının rəsmi saytında yerləşdirilib.