Avropa Komissiyası Livandan qaçqın axını barədə xəbərdarlıq edib

5 Oktyabr 2024 15:43 (UTC+04:00)

Avropa Komissiyası (AK) Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin yeni mərhələsi fonunda Livandan olan qaçqınların sayının artacağı ilə bağlı xəbərdarlıq edib. SİA xəbər verir ki, bu barədə “Welt am Sonntag” nəşri Avropa Komissiyasının daxili sənədinə istinadla məlumat yayıb.

“Livanda çoxlu sayda suriyalı qaçqın (təxminən 1,5 milyon nəfər) olduğu və pisləşən humanitar vəziyyət nəzərə alınsa, ölkədən sərhədi keçərək qaçanların sayının artmaqda davam edəcəyi ehtimalı var”, - təşkilatın Avropadakı miqrasiya vəziyyəti ilə bağlı hesabatında belə deyilir.

AK ekspertləri qeyd edirlər ki, Beyrutda bütün uçuşlar dayandırılsa da, miqrantların Avropaya çatmaq üçün Suriya və Türkiyə üzərindən keçən dəniz və quru yollarından, habelə Qahirə və Dəməşq hava limanlarından istifadə etmək imkanları mövcuddur.

Avropa Komissiyasının hesabatına görə, İsrail ilə “Hizbullah” hərəkatı arasındakı hərbi qarşıdurma nəticəsində sentyabrın 29-dək 345 min nəfər livanlı məcburi köçkünə çevrilib, 100 minə yaxın insan isə qonşu Suriyaya qaçıb. Yeni rəqəmlər göstərir ki, müxtəlif Avropa və Afrika ölkələri ilə ikitərəfli miqrasiya müqavilələrinə baxmayaraq, Avropa İttifaqına miqrasiya təzyiqi yüksək olaraq qalır.