“TEKNOFEST”də elektrik yarış bolidi təqdim edilib

5 Oktyabr 2024 14:42 (UTC+04:00)

İstanbul Texniki Universitetinin (İTÜ) “Racing” komandası tərəfindən hazırlanmış elektrik yarış avtomobili Adanada keçirilən “TEKNOFEST-2024” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalının keçirildiyi ərazidə təqdim olunub. SİA xəbər verir ki, avtomobili yaratmaq üçün İTÜ tələbələri 8 ay vaxt sərf ediblər.

Komandanın kapitanı Bahadır Balcı bildirib ki, avtomobil Avropada keçirilən “Formula Student” yarışlarında iştirak etmək üçün hazırlanıb.

Onun sözlərinə görə, İTÜ tələbələri 2007-ci ildən bu yana cəmi 5 yarış avtomobili yaradıb, onlardan ikisi elektrik mühərriki ilə təchiz edilib.

“TEKNOFEST” festivalında təqdim olunan avtomobil saatda 100 kilometr sürəti 2,7 saniyəyə yığır. Maksimal sürət isə saatda 250 kilometrdir”, - deyən Balcı Adanada festival iştirakçıları və qonaqlar arasında avtomobilə olan yüksək marağa diqqət çəkib. O əlavə edib: “Biz yeni beynəlxalq yarışlarda iştirak etmək üçün avtomobili təkmilləşdirməyi planlaşdırırıq. İTÜ komandası bu il artıq Macarıstan və İtaliyadakı yarışlarda iştirak edib”.