Qazaxıstanda referendumdan əvvəl “sükut günü” başlayıb

5 Oktyabr 2024 14:18 (UTC+04:00)

Bu gün, oktyabrın 5-də Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendumdan əvvəl “sükut günü” başlayıb. SİA xəbər verir ki, “sükut günü” və bilavasitə referendum keçirilərkən hər hansı təşviqat fəaliyyəti qadağandır.

Oktyabrın 6-da 10 mindən çox, o cümlədən xaricdə 70-dən çox seçki məntəqəsi səsvermə üçün açılacaq. Seçici siyahılarına 12 milyondan çox vətəndaşın adı daxil edilib.

Atom elektrik stansiyasının tikintisi ilə bağlı referendumu 30 ölkədən 177 beynəlxalq müşahidəçi izləyəcək.

Xatırladaq ki, sentyabrın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində oktyabrın 6-da referendumun keçiriləcəyini bəyan etmişdi. Həmin gün səsvermə hüququ olan Qazaxıstan vətəndaşlarının yarıdan çoxu iştirak edərsə, referendum etibarlı sayılacaq.