Helene qasırğası ABŞ-ı iflic etdi: 200 ölü

5 Oktyabr 2024 09:05 (UTC+04:00)

Ötən həftə ABŞ-ın Florida ştatının sahil zolağında 4-cü kateqoriyasına çatan Helene qasırğasının yaratdığı fəlakətlərdə həyatını itirənlərin sayının 200-ə yüksəldiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Florida sahillərini təxminən 225 kilometr sürətlə vuran Helene qasırğasının yaratdığı fəlakətlərdə həyatını itirənlərin sayı artmaqda davam edir. Qasırğanın yaratdığı güclü külək və daşqınların təsirli olduğu Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında ölənlərin sayı ümumilikdə 200-ə çatıb. Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) bu günə qədər ən azı 2100 nəfərin xilas edildiyini açıqlayıb. Qasırğa səbəbindən bölgədə yüzlərlə yol hələ də nəqliyyatın hərəkəti üçün bağlanıb. Helene 2005-ci ildə Katrina qasırğasından sonra ABŞ ərazisini vuran ən ölümcül qasırğa olub. İlon Maska məxsus SpaceX-in peyk internet xidməti Starlink, Helene qasırğasından zərər çəkmiş bölgələrə bir ay müddətində internet dəstəyi verəcəyini açıqlayıb. Qasırğadan zərər çəkmiş bölgələrdə axtarış və xilasetmə işlərinə dəstək olmaq üçün 30 gün ərzində pulsuz xidmət göstəriləcəyi bildirilib.

ABŞ-da elektrik enerjisinin kəsilməsini izləyən Powerotuages internet saytına görə, qasırğanın vurduğu ziyana görə bu 5 ştatda təxminən 1 milyon evə hələ də elektrik enerjisinin verilmədiyi qeyd edilib.