Səfirlik Gürcüstandakı Amerika vətəndaşlarına xəbərdarlıq edib

4 Oktyabr 2024 21:53 (UTC+04:00)

ABŞ-ın Gürcüstandakı səfirliyi bu ölkədə oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində mümkün “spontan etiraz aksiyaları” barədə öz vətəndaşlarına xəbərdarlıq edib.

SİA xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfirliyi müraciət yayıb.

Müraciətdə deyilir: “Biz, ABŞ vətəndaşlarına oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Gürcüstanda çoxsaylı insanların toplaşması ehtimalına görə ehtiyatlı və diqqətli olmağı xatırladırıq. Böyük insan kütlələri qeyri-müəyyəndir, xəbərdarlıq edilmədən aksiya iştirakçıları, hakimiyyət tərəfdarları və polis arasında qarşıdurmalar, zorakılıq baş verə bilər”.

Xatırladaq ki, bundan əvvəl Gürcüstan hakimiyyəti seçkilərdən sonra Qərbyönümlü QHT-lər tərəfindən təxribatların ola biləcəyi barədə xəbərdarlıq etmişdi.