Oktyabrın 4-də COP29 QHT Koalisiyasının hibrit formada növbəti “zoom” görüşü keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə koalisiyanın sıralarının hər gün genişləndiyi, artıq dünyanın 71 ölkəsindən 335 QHT-nin bu tərkibdə yer aldığı bildirilib. Koalisiyadakı 108 QHT, eyni zamanda, UNFCCC tərəfindən Müşahidəçi statusla Həmfikir Qrupların (Constituency) üzvləridirlər.
Hibrit görüş zamanı Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslər dünyanın aparıcı vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən təqdirlə qarşılanıb. COP29 QHT Koalisiyası bir daha dünya dövlətlərini Azərbaycanın COP29 naminə Birgə Atəşkəs Çağırışına qoşulmağa çağırıb.
Görüşdə COP29 zamanı birgə əməkdaşlıq imkanları müzakirə olunub, ətraf mühit, gender məsələləri diqqətdə saxlanılıb, Avropa, Afrika və Asiya ölkələrindən spikerlər mövzular üzrə təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, COP29 QHT Koalisiyasında ölkəmizi Azərbaycan Milli QHT Forumu təmsil edir. Koalisiya Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb.
Koalisiya müntəzəm əsasda hibrit görüşlər keçirir, fəaliyyətləri koordinasiya edir.