Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan indiyə qədər olduğu kimi məzlumun yanında olmağa davam edəcəklərini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Prezident Rəcəb Tayyib Ərdoğan Adanadakı Şakirpaşa Hava Limanında keçirilən Teknofest 2024-də iştirak edib.
Burada çıxış edən Türkiyə Prezidenti son illərdə bölgədə ağrılı günlərin yaşandığını vurğulayıb. R.T. Ərdoğan deyib:“İsrail bir ilə yaxındır ki, Qəzzaya hücum etməyə davam edir. Əksəriyyəti uşaq və qadın olmaqla 50 min adam vəhşicəsinə qətlə yetirildi. 100 minə yaxın insan yaralanıb, şəhərlər xarabalığa çevrilib. İsrail əvvəlcə ''Həmas''ı bəhanə edərək Qəzzanı işğal etdi. İndi isə ''Hizbullah''ı bəhanə edərək Livanda qan tökür.İsrail hökuməti münaqişəni bölgəyə yaymaq üçün hər fürsətdən istifadə edir''.
Mövcud İsrail rəhbərliyinin verdiyi hər açıqlama və paylaşdığı hər xəritə ilə əsl niyyətini ortaya qoyduğunu deyən Ərdoğan bölgədəki prosesləri yaxından izlədiklərini və zalımlara qarşı “insanlıq cəbhəsi”ni gücləndirməyə çalışdıqlarını bildirib.