“Yaşıl dünya naminə həmrəylik ili”ndə və COP29 öncəsi Balaxanı Sənaye Parkında daha iki şirkətə rezident statusu verilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Təmiz Şəhər” ASC-dən məlumat verilib. Bildirilib ki, ASC-nin-təsərrüfat sahələrindən olan Balaxanı Sənaye Parkında qeydiyyata alınan şirkətlər - “Aral Pack” MMC alüminium folqa qapaqları, “Baku Klişecilik və qrafik LTD ŞTİ” MMC isə müasir qrafik dizayn əsaslı çap qəlibləri istehsal edəcək.
İstehsal prosesində ətraf mühitin mühafizəsinə və tullantıların azalmasına xidmət edəcək yeni müəssisələr təkrar emal fəaliyyətləri ilə “yaşıl iqtisadiyyat”a töhfə verəcək və yeni iş yerlərinin açılmasına imkan yaradacaq.
Qeyd edək ki, Balaxanı Sənaye Parkı 2017-ci ildən fəaliyyət göstərir və bu təsərrüfat sahəsi təkrar emalla məşğul olan sahibkarlar üçün əlverişli işgüzar mühitdir. Hazırda yeni rezidentlər “Aral Pack” MMC və “Baku Klişecilik və qrafik LTD ŞTİ” MMC də daxil olmaqla, sənaye parkında 27 rezident qeydiyyatdan keçib və 1200-dən çox yeni iş yeri yaradılıb.
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində yeni qeydiyyata alınan rezidentlərlə görüş keçirilib. Cəmiyyətin İdarə Heyətinin sədri Etibar Abbasov müəssisə rəhbərlərinə Balaxanı Sənaye Parkında fəaliyyət göstərmələrini təsdiqləyən qeydiyyat şəhadətnamələrini təqdim edib.