Türkiyənin ilk milli turbofan təyyarə mühərriki “TEİ-TF6000” Adanada keçirilən TEKNOFEST-də sərgilənir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Aviasiya, Kosmos və Texnologiya Festivalı (TEKNOFEST) Adana Hava Limanında keçirilir.
TEKNOFEST-in tərəfdaşları arasında yer alan TUSAŞ Motor Sənayesi AŞ (TEİ) inkişaf etdirdiyi milli təyyarə mühərriklərini ziyarətçilərə təqdim edir.
TEİ-nin stendində sərgilənən mühərriklər arasında Türkiyənin ilk milli turbofan təyyarə mühərriki “TEI-TF6000”, ilk yerli helikopter mühərriki “T700-TEI-701D”, ilk milli turbodizel aviasiya mühərriki “TEI-PD170”, ilk milli helikopter mühərriki “TEI-TS1400” və Türkiyənin ən güclü milli aviasiya mühərriki “TEI-TF10000” yer alır.
Stendlərdə həmçinin Airbus A320 və Boeing 737 təyyarələrinə güc verən turbofan mühərrikinin TEI-də istehsal edilən hissələri də sərgilənir. Mərhələli istehsal hissələri də ziyarətçilərə təqdim olunanlar arasındadır.
TEI həmçinin TEKNOFEST çərçivəsində Jet Mühərrik Dizayn Yarışmasının keçirilməsini təşkil edir.