"Yenisi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyinin növbəti layihəsi - "İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, kitabda klassik və müasir Azərbaycan müəlliflərinin tarixi İrəvan şəhəri, o cümlədən İrəvan xanlığı haqqında yazdığı ədəbi mətnlər yer alıb. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli kitaba rəy yazıb. Rəydə bildirib ki, "İrəvan gündəliyi" müstəqillik dövrü epoxasının "İrəvannaməsi"dir. Layihənin eksperti, AMEA-nın müxbir üzvü, Tehran Əlişanoğlu kitab barədə yazdığı "Ədəbiyyatda İrəvan konsepti" məqaləsində nəşrin gələcəkdə zənginləşdirilməsi, yeni mətnlərlə möhkəmləndirilməsi və bu istiqamətdə yeni tədqiqatların meydana çıxması zərurətini vurğulayıb. Kitabı hazırlayan, layihə rəhbəri yazıçı Məqsəd Nur "İrəvan gündəliyi"nin əcnəbi mütəxəssilər üçün də əlçatan olacağına, daha dərin elmi, mədəni araşdlrmalara təkan verəcəyinə inandığını söyləyib.
Çıxış edənlər bildiriblər ki, "İrəvan gündəliyi" layihəsində ilk dəfə olaraq ədəbiyyatda İrəvan konsepti ayrıca qabardılıb, sistemli şəkildə, mərhələlər üzrə işıqlandırılıb. Kitab həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qayıdış konsepsiyası"na çağırışın ruhuna uyğunlaşdırılaraq hazırlanıb. "İrəvan gündəliyi"nin tərtibatında istifadə edilmiş bütün rəsm əsərlərinin və qrafik elementlərin müəllifi isə XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamı Mirzə Qədim İrəvanidir.
Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinin maliyyə yardımı ilə hazırlanıb.