Müzakirə edilən məsələlər plenar iclasa tövsiyə olunub - FOTO

4 Oktyabr 2024 16:51 (UTC+04:00)

Oktyabrın 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, komitə sədri Musa Quliyev iclasın gündəliyinə Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının və 4 qanun layihəsinin daxil edildiyini diqqətə çatdırıb.

Musa Quliyev bildirib ki, komitənin qarşıdakı sessiya üçün iş planında qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olacaq qanun layihələrinin, büdcə zərfinə daxil olan sənədlərin, həmçinin qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi nəzərdə tutulub. Bununla yanaşı, sessiya ərzində “Əhalinin məşğulluğunun artırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda ictimai dinləmənin keçirilməsi də planlaşdırılır.

İş planı təsdiqləndikdən sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev gündəliyin 2-ci məsələsi olan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verib.

O bildirib ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurlar.

Daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği nəzərə alınmaqla 6000 manat müəyyən edilməsi təklif olunur.

Sonra Adil Vəliyev gündəliyin 3-cü məsələsi olan “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi barədə məlumat verib.

O bildirib ki, dəyişikliyə əsasən, turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin qadağan edilməsi nəzərdə tutulur.

Sonra Adil Vəliyev gündəliyin qalan 2 məsələsinin uyğunlaşdırma və terminoloji xarakterli dəyişikliklərlə bağlı olduğunu diqqətə çatdırıb. O bildirib ki, “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi və Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişikliklər qanunvericiliyin daha da təkmilləşdirilməsinə xidmət edir.

Gündəlikdəki məsələlər barədə çıxış edən deputatlar qanun layihələri barədə qeyd və təkliflərini bildiriblər.

Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynov, Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıblar.

İclasda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiqlənib, gündəlikdəki qanun layihələri isə Milli Məclisin plenar iclasına tövsiyə olunub.