“Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, bərpa olunur. İşğaldan azad olunmuş ərazilərdə böyük işlər həyata keçirilir, regionun abadlaşdırılması üçün vacib olan tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidentinin dediyi kimi Qarabağ torpaqları artıq cənnətə çevrilməkdədir. Görülən real işlər bu gün özünün aydın əksini tapır. Həqiqətən də işğaldan azad olunmuş ərazilər döyüş meydanını xatırladırdı. Burada bir neçə il öncə düşmənlə qətiyyətli mübarizə aparılırdısa, bu gün dağıdılan kəndlərin bərpası uğrunda mübarizə gedir. Bu işlərin təşkilatçısı, istiqamətvericisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Ölkə rəhbəri Milli Məclisin VII çağırış ilk iclasında bir daha bildirdi ki, qarşımızda duran ən vacib məsələlərdən biri işğaldan azad olunmuş əraziləri tez bir zamanda bərpa etmək və sakinləri öz ata-baba yurdlarına köçürməkdir. Bu gün büdcədən 19 milyard manat vəsait sərf olunmuş və bundan sonra da bu istiqamətdə əsaslı tədbirlər görüləcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, artıq Zəngilana köç başlayıb: “Keçdiyimiz günlərdə Cəbrayıl da öz sakinlərini qəbul etdi və Cəbrayılın işğaldan azad olunduğu gündə ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin torpaqları ziyarət etməyi, həmin ərazilərdə işlərin gedişi ilə tanış olmağı, yeni bina və müəssisələrin təməlini qoymağı özlərinə borc hesab etdilər. Bunun üçün Azərbaycan xalqı öz liderinə böyük təşəkkürünü bildirir.
Cəbrayılda çox vacib, əhəmiyyətli müəssisələrin təməli qoyuldu, şəhərdə tam orta məktəb istifadəyə verildi, Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi zonası sənaye parkında yeni müəssisələrin təməli qoyuldu. Digər görülən bütün işlərlə də tanış olundu və lazımi tapşırıqlar verildi.
Zəngilan bu gün müasir şəhərə çevrilməkdədir. Burada əvvəllər bir çox müəssisələr, yaşayış evləri, binalar, məktəb və digər müəssisələr istifadəyə verilib və səfər zamanı da ölkə rəhbəri Zəngilan rayonunda Sarıqışlaq su elektrik stansiyasının açılışında iştirak etdi, Zəngilan elektrik şəbəkəsinin rəqəmsal idarəetmə mərkəzi istifadəyə verildi. Eləcə də Zəngilan şəhərində V yaşayış kompleksinin təməli qoyuldu. Hər iki şəhərdə görülən işlər qürur doğurur. Bu insanların yaşayışı, rahatlığının təmin olunması, iqtisadi inkişaf, həmin regionlarda kənd təsərrüfatının, turizmin inkişafı baxımından çox vacibdir. Cənab Prezident daim işlərin gedişi ilə ciddi maraqlanır və onun ildə bir neçə dəfə regionlara səfər etməsi, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması ilə tanış olması göstərir ki, Qarabağın və Şərqi Zəngəzurun inkişafı diqqət mərkəzindədir və bu diqqət günü-gündən artırılır”.