Gözəl geyinmək həm kişilərə, həm də qadınlara lazımdır. Amma unutmayaq ki, gözəl geyim insanın bədəninə, dərisinin rənginə və mühitinə uyğun geyinmək deməkdir. Bədən xüsusiyyətlərini bilmədən və ya nəzərə almadan geyinmək insanı gözəl göstərmir. Çünki bir insana yaraşan paltar digərinə yaraşmaya bilər. Günümüzdə əksər tələbələrin geyim tərzlərinin o qədər ürəkaçan olmadığının da şahidiyik. Bəs, universitetlərimizdə geyim qaydaları necə olmalıdır? Hansı normaları gözləmək lazımdır? SİA bu mövzuda şəhər sakinləri arasında sorğu keçirib.
Şəhər sakini Sevinc Rəhimova: "Tələbə geyimi səliqəli və standartlara uyğun olmalıdır. Təbii ki, insanların zövqlərinə qarışa bilmərik. Geyim tərzi insandan-insana dəyişir. Fərd olaraq onların geyiminə fikir söyləyə bilmərəm, daha səliqəli geyinmələri yaxşı olardı. Məncə, universitet tələbələri üçün məktəblərdəki kimi xüsusi geyimə ehtiyac yoxdur. Universiteti məktəbdən fərqləndirən cəhət budur".
Şəhər sakini Aydar Mirzəyev: "İki universitet bitirmişəm. Tələbə səliqəli geyinməli, özünə fikir verməlidir. Tələbələrin geyimi indiki zamanda məni qane etmir, necə oldu, geyinirlər. Amma bizim zamanımızda səliqəli geyinirdilər, kostyum və qalstuk taxırdılar. Universitet tələbələri xüsusi geyim geyinsələr, yaxşı olar. Əsas odur ki, yaxşı oxusunlar, əlaçı olsunlar. Sonra da gözəl yerlərdə işləsinlər. Geyim ikinci mərhələdir, əsas ağıllı olsunlar".
Şəhər sakini Gülxar Qəhrəmanova: "Tələbələrin geyimi ciddi olmalıdır. Bu il, ümumiyyətlə, tələbələr çox açıq-saçıq geyinirlər. Özlərini güzgüdə görmürlər. Yaxşı şeylərlə müasirləşin. İndi valideyn sayan yoxdur. Bura Avropa deyil, Azərbaycandır. Azərbaycanlı olduğumuz üçün bunlara riayət etməliyik. Çox narazıyam. Xüsusi geyimə ehtiyac yoxdur, amma ciddi geyim olsa, yaxşı olar. Müəllim qarşısına çıxırsansa, özün dərk etməlisən".
Şəhər sakini İlkin Zeynalov: "Tələbələrin geyimini normal hesab edirəm. Azad şəkildə geyinə bilərlər. Məktəbli ilə tələbənin düşüncəsi eyni deyil, tələbələr bir pillə sərbəst həyata daha yaxındır. Ona görə də, universitetin xüsusi geyimi olmalı deyil. Məktəbdə bir az varlı, kasıb məsələləri var deyə, orada bir geyim forması seçilir. Məsləhət vermək həddimə deyil. Amma həddini də aşmırlar. İşin də, universitetin də, məktəbin də öz geyim standartı var".
Şəhər sakini Zamiq Təhməzov: "Tələbələrin geyimi bizim ümumi adət-ənənələrimizə, mədəniyyətimizə uyğun olmalıdır. Məncə, bu məsələdə ifrata da varmaq olmaz, həm də tələbələrin geyimindən vacib onların intellektual səviyyəsidir".
Şəhər sakini Səidə Əliyeva: "Tələbələrin yaxşı geyinəni də var, pis geyinəni də. Çox şişirdilmiş geyinəni ilə də rastlaşırıq. Əslində razı deyiləm. Mənə elə gəlir ki, tələbə tələbə kimi geyinməlidir. Məktəblilər kimi eyni forma geyinmələrinə ehtiyac yoxdur, onlar sərbəstdir. Amma gərək tələbənin özü fikirləşsin. Azərbaycan mentalitetinə uyğun olmalıdır. Bura xarici ölkə deyil, biz Qərblə bu cəhətdən ayaqlaşmamalıyıq. Bizim öz milli-mənəvi dəyərlərimiz var. Ona görə istəyərdim ki, milli mentalitetimizə uyğun geyinsinlər".
Şəhər sakini Zərifə Süleymanova: "Universitet tələbələri 11 il oxuyub, eyni formanı geyiniblər. Tələbə ikən buna ehtiyac yoxdur. Normal geyinsələr kifayət edər. Sadəcə mentalitetimizə uyğun olsa, yaxşıdır".
Şəhər sakini İradə Məmmədova: "Pedaqoji Universitetin müəllimiyəm. Bizim tələbələr çox gözəl geyinirlər, onlar gələcəyin müəllimləridir. Tələbə açıq-saçıq geyinməli deyil. Tələbələr özləri cırıq şalvarı sevmirlər. Universitet üçün də vahid geyimə ehtiyac yoxdur. Onun tərəfdarı deyiləm".