Fransa hökuməti Hind-Sakit Okeandakı koloniyası olan Yeni Kaledoniyada gecə komendant saatını oktyabrın 14-dək uzadıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, fransız materikindən təxminən 17 min kilometr uzaqlıqda olan Yeni Kaledoniyadakı Fransız koloniyasında, Fransa hökumətinin yerli xalqla edilən razılaşmalara zidd olan konstitusiya islahatını həyata keçirmək istəyi ilə başlayan hadisələr davam edir.
Fransa təhlükəsizlik qüvvələrinin may ayından bu yana həyata keçirdiyi əməliyyatlarda 13 nəfər həyatını itirərkən, adada saat 22.00-05.00 arasında tətbiq edilən komendant saatı oktyabrın 14-nə qədər uzadılıb. Bundan başqa, daşınan qablarda benzinin daşınması və satışı qadağan edilib. Silahların daşınması da qadağan olunacaq. Paytaxt Noumea və ətraf şəhərlərdə kütləvi nümayişlərin keçirilməsinə qadağa oktyabrın 14-dək davam edəcək. İdman tədbirləri bu qadağadan azad ediləcək.
Yeni Kaledoniyada noyabrın 3-dək ictimai yerlərdə spirtli içkilərin satışı qadağan edilib, qapalı yerlərdə spirtli içkilərin satışına məhdudiyyətlər qoyulub. Paris administrasiyası adada komendant saatını əvvəllər dəfələrlə uzadıb. Digər tərəfdən, Fransa Baş naziri Mişel Barnier, bu həftə TBMM-dəki çıxışında, adada seçici sayını artıracaq mübahisəli islahatın Konqresə təqdim edilməyəcəyini açıqlayıb. Bu bəyanatın adadakı vəziyyətə necə təsir edəcəyi maraq doğurur.