Daha bir ölkədə sel fəlakəti yaşanıb - çoxlu itki var

4 Oktyabr 2024 15:15 (UTC+04:00)

Bosniya və Herseqovinanın mərkəzi və cənub bölgələrində leysan yağışların səbəb olduğu seldə 14 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın mərkəzi və cənub bölgələrinə gecə saatlarında yağan güclü leysan daşqınlara səbəb olub. Bir çox qəsəbə və yollar bağlanıb, evlər işıqsız qalıb.

Bosniya və Herseqovina Federasiyasının Baş naziri Nermin Nikşiç vəziyyətin kifayət qədər ciddi olduğunu və çoxlu sayda insanın evlərində qapalı qaldığını açıqlayıb. Nikşiç deyib: “Təəssüf ki, itkilər də olub. Hər bir məsələ ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq".

Herseqovinanın Neretva kantonunun Yablanitsa şəhərinin administrasiyasından Darko Jukan bildirib ki, Yablanitsa şəhərində 14 nəfər həyatını itirib. Bosniya və Herseqovina Prezident Şurasının üzvü Zeljko Komsiç sel fəlakətində həyatını itirənlər üçün başsağlığı mesajı yayımlayıb.

Komsiç bildirib: "Bosniya və Herseqovina qurumları selin təsirlərini ən qısa zamanda aradan qaldırmaq üçün bütün tədbirləri görəcək və xalqa kömək edəcək".

Daşqından ən çox zərər çəkən Yablanica və Kiseljak şəhərlərində itkin düşənlərin axtarışı üçün işə başlayan xilasetmə qrupları gecə boyu elektrik enerjisinin kəsildiyini və cib telefonlarından heç bir siqnal alınmadığını bildiriblər. Yablanica Yanğından Mühafizə İdarəsi avtomobil və dəmir yollarının bağlanması səbəbindən şəhərin tamamilə əlçatmaz hala gəldiyini açıqlayıb.