Bu gün ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində düşmən işğalından azad edilən ərazilərimizdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir, şəhər, qəsəbə və kəndlərimz bərpa edilir, tam yeni infrastruktur yaradılır. Eyni zamanda keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prossesi də sürətlə davam edir. Onlar üçün yeni fərdi və çoxmənzilli yayayış evləri, sosial obyektlər inşa edilir. Eyni zamanda burada məskunlaşan insanların məşğulluq məsələlərinin həlli istiqamətində addımlar atılır, yeni-yeni iş yerləri yaradılır.
Vətən müharibəsinin başa çatmasından sonra ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilən ərazilərə çoxsaylı səfərləri baş tutub. Hər bir səfər yeni-yeni sənaye, sosial və digər obyektlərin təməlqoyma və istifadəyə verilmə mərasimləri ilə yadda qalıb. Bu ərazilərdə keçirilən mərasimlər və məskunlaşan insanlarla görüşlərdə ölkə rəhbərinin çıxışları, bu zaman verilən bəyanatlar dünya mətbuatının diqqət mərkəzində olub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilərə növbəti səfəri oktyabrın 3-4-də, bu il ininci dəfə qeyd edilən Cəbrayıl Şəhər Günü ərəfəsində baş tutub. Ölkə başçısı Cəbrayıl və Zəngilanda həyata keçirilən işlərlə yaxından tanış olub, bir sıra obyektlərin təməlqoyma və istifadəyə verilmə mərasinlərində iştirak edib. Belə ki, öz məhsuldarlığı ilə yadda qalan bu səfər çərçivəsində Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının, “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışı, Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin, Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimləri keçirilib. Ölkə başçısı həmçinin Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi və Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Bölgənin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyan tədbirlərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Dövlətimizin başçısı tədbirdə genişməzmunlu çıxış edərək bir sıra məqamlara toxunub. Ölkə başçısı bildirib ki, azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır. “Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür.
Cəbrayıl şəhərinin Horovlu kəndində görülən işlərə toxunan Prezident İlham Əliyev deyib: “Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad edilmişdir və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da vətəndaşlar qayıdacaqlar”.
Cəbrayılın azad olunmasının dördüncü ildönümü günü keçirilən görüşdə cənab Prezident bu hadisənin çox böyük əhəmiyyəti olduğunu bildirib. Çünki Cəbrayıl İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi.
“O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”, - deyən dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərdiyini bildirib, şəhidlərimizlə əbədi fəxr edəcəyimizi vurğulayıb.
Öz çıxışında dövlətimizin rəhbəri bu fikirləri səsləndirib ki: “Bizim Qələbəmiz əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir”.
Dövlətimizin başçısı, həmçinin qeyd edib ki: “Bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür. Xalqda birlik olanda, güclü iradə olanda, mənəvi ruh yüksək səviyyədə olanda, sən öz köklərinə bağlı olanda və milli dəyərlərə dəyər verəndə hər şeyə qadir ola bilərsən. Bizim xalqımız bu tarixi nailiyyəti əldə etməklə, eyni zamanda, bir çox başqa yerlərdə əzab-əziyyət içində yaşayanlara da yol göstərdi ki, bunu etmək mümkündür. Ona görə bizim Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq artacaq”.
Ölkə başçısı Azərbaycana qarşı olan düşmənçilik siyasətinin dayanmadığını bildirib. Qeyd edib ki, “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”.
Dövlətimizin başçısı deyib: “O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.
Xüsusi olaraq vurğulanıb ki, “Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər.
Bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər?”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, biz ancaq öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü