Bu gün “yaşıl enerji”yə olan tələbatı, eyni zamanda penetrasiyanı, yəni bərpa olunan enerjilərin ümumi enerji şəbəkəsinə nüfuzunu hesablamaq mühüm əhəmiyyət kəsb edir. SİA xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 5-ci günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bunun üçün Azərbaycanda müxtəlif yanaşmalardan istifadə edilir: "Lakin bütün yanaşmaların təməlində yenə də empirik datalar dayanır. Biz eyni zamanda iqlim şəraitini nəzərə almalıyıq. Çünki, bərpa olunan enerji müxtəlif hava şəraiti və digər faktorlardan asılıdır. Bu zaman həmin faktorların enerji istehsalına necə təsir etdiyi məsələsi ortaya çıxır. Bunun üçün isə biz modelləşdirmədən istifadə edirik”.
R. Hümbətova qeyd edib ki, hazırda Agentlik 3-cü milli töhfə planı üzərində işləyir: “Birinci plan 35 %-lik, ikinci plan 40 %-lik azalmanı nəzərdə tuturdu. Öz imkanlarımızı qiymətləndirməsi aparılıb. Söhbət bunun xalis sıfıra çatdırılmasından gedir. Bu istiqamətdə bir çox ölkələrin təcrübələri dəyərləndirilib, bu işlərə nə qədər sərmayənin tələb olunacağı öyrənilib. Agentlik olaraq hazırda bütün sektorlar üzrə bərpa olan enerjinin daxil olmasını hesablayırıq. Onların müxtəlif sektorlara nə qədər nüfuz edə biləcəyini hesablayırıq. Bu zaman isə bizə mövcud datanı emal edə biləcək peşəkarlar lazımdır”.