Türkiyəli nazir Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib - YENİLƏNİB - FOTOLAR

4 Oktyabr 2024 11:49 (UTC+04:00)

Azərbaycanda səfərdə olan Türkiyənin ədliyyə naziri Yılmaz Tunçun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. SİA xəbər verir ki, sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olan şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb və onların xatirəsinə ucaldılan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Türkiyəli nazirin başçılıq etdiyi nümayəndə heyəti 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş Türk şəhidlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə əklil qoyub.

Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, ikigünlük səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq.