"Helene" qasırğasında ölənlərin sayı 214-ə çatıb

4 Oktyabr 2024 11:25 (UTC+04:00)

Ötən həftə ABŞ-ın Florida ştatına 4-cü kateqoriya səviyyəsində çatan "Helene" qasırğası səbəbindən can itkisi artır. Qasırğanın təsirli olduğu Florida, Corciya, Virciniya, Tennessi, Cənubi Karolina və Şimali Karolina ştatlarında ümumi can itkisi 214-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Karolinada 108, Cənubi Karolinada 41, Corciyada 33, Floridada 19, Tennessidə 11, Virciniyada 2 nəfər ölüb.

"Helene" 2005-ci ildə 1392 nəfərin ölümünə səbəb olan "Katrina" qasırğasından sonra ABŞ-ı vuran ən ölümcül qasırğa olub. Ağ Evdən verilən açıqlamaya görə, qasırğadan ən çox zərər çəkən Şimali Karolinada 40 mindən çox adam fəlakət yardımı üçün müraciət edib. Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi ştatda təbii fəlakət qurbanlarına 6,2 milyon dollardan çox pul ödəyib. Şimali Karolina polisi ştatda 200-dən çox adamın itkin düşdüyünü bildirib. Şimali Karolina qubernatoru Roy Kuper qasırğanın yollarda, körpülərdə və su sistemində "tam dağıntılara" səbəb olduğunu vurğulayıb.