Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir - FOTOLAR

3 Oktyabr 2024 16:49 (UTC+04:00)

Azərbaycan və Özbəkistan hərbiçiləri "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təlimi çərçivəsində əməliyyat əmrinin çatdırılması və vəzifələrin təhlili üzrə fəaliyyətlər icra ediblər. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən keçirilir.

Daha sonra vəzifə təhlili brifinqində təlimin ssenarisinə uyğun xəbərdarlıq əmrləri verilib və fəaliyyət tərzlərinin hazırlanması prosesi həyata keçirilib.

Azərbaycan və Özbəkistan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədi ilə keçirilən komanda-qərargah təlimi oktyabrın 6-dək davam edəcək.