Ölkə rəhbəri tərəfindən verilən CİDDİ MESAJLAR - TƏHLİL

3 Oktyabr 2024 16:42 (UTC+04:00)

Aşıq sənətinin görkəmli nümayəndəsi, söz ustadı Aşıq Ələsgərin abidəsinin açılışında ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin çıxışı, qətiyyətli mövqeyi Azərbaycan ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan Prezidenti abidənin açılışı zamanı öz çıxışında bir sıra ciddi bəyanatlar verib və həmin bəyanatların əlbəttə ki, ölkə rəhbəri tərəfindən verilən ciddi mesajlar olduğu qətiyyən diqqətdən yayına bilməz.

Azərbaycanlıların deportasiya edilməsi barədə qeyd olunması çox ciddi mesajlardır

Bildiyimiz kimi, Aşıq Ələsgər Qərbi Azərbaycanın Göyçə mahalında, indiki Ermənistan ərazisində yaşayıb və fəaliyyət göstərib. Onu da yaxşı bilirik ki, məhz Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar həmin ərazilərdən, həmin torpaqlardan, öz yurd-yuvalarından uzaq düşüblər. Dövlət başçımız öz çıxışında qeyd edib ki, məhz 1918-ci ildə erməni vandalları azərbaycanlılara divan tutduğu zaman Aşıq Ələsgər ömrünün son illərində, düz 97 yaşında Ermənistanın apardığı etnik təmizləməyə görə öz doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. Ölkə rəhbərinin öz çıxışında söylədikləri çox ciddi mesajlardır və şübhəsiz ki, ermənilər də, onlara havadarlıq edənlər də hansı məqamlara toxunulduğunun, nəyə eyham vurulduğunun fərqindədirlər. Fərqindədirlər ki, indiki Ermənistan ərazisi sayılan Göyçə mahalının əslində, tarixi Azərbaycan əraziləri olduğunu təsdiq edən məqamlardan biri də məhz aşıq sənətinin görkəmli nümayəndəsi, xalqımızın söz ustadı olan Aşıq Ələsgərin orada yaşaması, fəaliyyət göstərməsidir. Eyni zamanda, söz ustadımızın öz yurd-yuvasından uzaq düşməsinin məhz Ermənistanın etnik siyasət apardığının təsdiqi olduğu da təkzibedilməzdir. Bəli, bütün bunların ölkə rəhbəri tərəfindən xatırladılmasının nə dərəcədə ciddi mesajlar olduğunun da artıq fərqindədirlər. Daha açıq şəkildə desək, azərbaycanlıların öz yurd-yuvalarından deportasiya olunmasının baiskarlarının ermənilər olduğu barədə qeyd edilməsinin çox ciddi mesajlar olduğunu da başa düşürlər. Haylar da, onların havadarları da başa düşürlər ki, aşıq sənətimizin görkəmli nümayəndəsinin, söz ustadımız Aşıq Ələsgərin doğulduğu, yaşadığı, fəaliyyət göstərdiyi ərazilər, eləcə də onun deportasiyaya məruz qalması barədə Azərbaycan Prezidentinin qeyd etməsi, xatırlaması nə səbəbsiz deyil, nə də əbəs yerə ola bilməz.

Ermənipərəst dövlətlərin İrəvana dəstəyi fonunda ciddi mesajlar verilməsi siyasi iradənin olması deməkdir

Hər dəfə də Ermənistanın apardığı işğalçılıq, etnik təmizləmə siyasətinə görə azərbaycanlıların deportasiyaya məruz qaldıqlarının növbəti dəfə məhz ölkə rəhbərimiz tərəfindən bildirilməsi siyasi iradənin olması deməkdir. Bir çox ermənipərəst dövlətlərin bütün mümkün dəstəyi fonunda Azərbaycan Prezidentinin müvafiq ciddi mesajlar səsləndirilməsi dövlət başçımızın qətiyyətindən xəbər verir. Ölkəmizin, Azərbaycanın qələbələrini, uğurlarını, rəsmi Bakının diplomatik nailiyyətlərini gözü götürməyənlər ciddi mesajların məhz onlara ünvanlandığını çox yaxşı anlayırlar. Dərk edirlər ki, əvvəla, orada azərbaycanlıların yaşadıqlarını, hətta dəfələrlə deportasiyaya məquz qaldıqlarını təsdiq edən faktlar, məqamlar var və əgər dövlət başçısı da bu məqamlar barədə xatırladırsa, diqqətə çatdırırsa, deməli, onlara elə ciddi şəkildə də mesajlar verilir.

Digər tərəfdən, təkcə Ermənistana, haylara deyil, bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılır ki, ermənilər vandallıq, vəhşilik, terrorçuluq, separatçılıq, etnik təmizləmə ilə azərbaycanlıları deportasiyaya məruz qoyublar, hansı ki, bütün bunlar beynəlxaq cinayətlərdir. Qətl, işgəncə, əsirlik təhdidi ilə azərbaycanlıları öz yurd yuvalarından didərgin salanların məhz ermənilər olduğu, bunu dövlət siyasəti olaraq qəbul edən dövlətin də Ermənistan olduğu barədə ölkə rəhbərimiz tərəfindən çox ciddi mesajlar verilməsini də başa düşmək çətin deyil. Hər halda, törətdikləri cinayət əməllərinə görə, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymamalarına, onları kobud şəkildə pozduqlarına görə cavab verməli olacaqlarını da başa düşmüş olurlar. Çünki verilən ciddi mesajlar onların bunu başa düşmələri üçün yetərincədir və kifayət də edir.

Ölkə rəhbərinin dedikləri hər dəfə olduğu kimi, yenə də əminlik yaradır və qərbi azərbaycanlıların da qayıdışına əminik

Doğrudur, xalqımız öz ərazisində sığınacaq verdiyi ermənilərin xaincəsinə hücumuna dəfələrlə məruz qalıb. Haylar bizə qarşı dəflərlə namərdcəsinə davrandıqları da tarixi faktlardır. Dəfələrlə azərbaycanlıların öz yurd-yuvalarından didərgin düşmələrinin səbəbkarının da ermənilər olduğu bəllidir və ölkə rəhbərimiz də yüksək diplomatik ustalıqla bu barədə öz çıxışı zmanı mesajlar verdi. Məsələ burasındadır ki, dövlət başçımız Aşıq Ələsgərin öz ömrünün sonunda doğulduğu, yaşadığı Ağkilsə kəndinə qayıtmasını da əbəs yerə xatırlatmayıb və əslində, bu xatırlatma ermənilər üçün də, xalqımızı gözü götürməyənlər üçün də ən kəskin və ən ciddi mesaj hesab olunur. Əgər Aşıq Ələsgər öz yurduna qayıdıbsa, əgər ötən əsrin sonlarında ölkəmizin Ermənistan tərəfindən işğal olunan ərazilərindən məcburi köçkün düşən həmvətənlərimiz də qayıtmaqdadırsa və Böyük Qayıdış uğurla davam edirsə, deməli, Qərbi Azərbaycan torpaqlarına da azərbaycanlıların qayıdacağı təkzib edilə bilməz. Belə bir məntiqi yanaşma hər dəfə olduğu kimi, yenə də əminlik yaradır.

“Biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Qarabağdan, Şərqi Zəngəzurdan olan, bu torpaqları görməyən soydaşlarımız qayıdış gününü, “Böyük Qayıdış” proqramının həyata keçirilməsini böyük həvəs və səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra olunur. O torpaqlarda heç vaxt yaşamayan, ancaq onlara qayıtmaq arzusu ilə yaşayan qarabağlılar bu gün Qarabağa qayıdırlar. Əminəm ki, Qərbi Azərbaycana qayıdarkən də eyni mənzərəni görəcəyik”, deyə Azərbaycan Prezidentinin bəyan etməsi ölkə ictimaiyyətində daha böyük əminlik yaradır. Çünki dövlət başçımızın hər dəfə bəyan etdiklərini reallaşdırdığının şahidi olmuşuq və bundan sonra da əmin olmaqda bu baxımdan haqlıyıq. Cənab Prezidentin Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızı misal çəkməsi də bu baxımdan təsadüfi sayıla bilməz. Təbii ki, bütün bunların fonunda anti-azərbaycan isterikasının artması fonunda Azərbaycan Prezidentinin Qərbi Azərbaycana qayıdacağımızla bağlı qətiyyətli çıxışı dövlətçiliyimizin, ədalətsiz dünyada ədalətə qovuşmaq üçün sarsılmaz iradəmizin manifesti olaraq qəbul edilir. Ona görə də məhz ölkə rəhbərinin dedikləri hər dəfə olduğu kimi, yenə də əminlik yaradır və biz qərbi azərbaycanlıların da qayıdışına əminik.