Azərbaycan nümayəndələri Astanada beynəlxalq tədbirdə iştirak edirlər - FOTO

3 Oktyabr 2024 16:00 (UTC+04:00)

Oktyabrın 3-4-də Qazaxıstanın paytaxtı Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) Gənclər Şurasının himayəsi ilə könüllülük hərəkatları liderlərinin toplantısı keçirilir. SİA xəbər verir ki, beynəlxalq tədbirdə AQFETM-ə üzv dövlətlərin könüllülük təşkilatlarının rəhbərləri, fəal könüllülər, eləcə də könüllülük məsələlərinə nəzarət edən dövlət orqanlarının nümayəndələri iştirak edirlər.

İştirakçılar könüllülük sahəsində bilik, təcrübə və ən yaxşı layihələri bölüşmək üçün platforma ilə təmin olunurlar.

Azərbaycanı Gənclər və İdman Nazirliyinin əməkdaşları və könüllü təşkilatların nümayəndələri təmsil edirlər.

Toplantı ilə paralel olaraq, AQFETM Gənclər Şurasının könüllülük və gənclər siyasəti məsələlərinə nəzarət edən departamentlərin rəhbərləri səviyyəsində 7-ci iclas keçirilib. Tədbir könüllülüyün cəmiyyətdəki əhəmiyyətinə və onun Asiya ölkələrinin davamlı inkişafındakı roluna həsr olunub.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova Azərbaycanda həyata keçirilən gənclər siyasətindən, gənclər üçün yaradılan şəraitdən, könüllülük proqramlarından danışıb.

Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi ərazidə yerləşəcək “Youth House”da könüllülərin roluna xüsusi diqqət yetirilib. Ülviyyə Axundova qeyd edib ki, “Youth House” gənclər üçün platformaya çevriləcək, onlara iqlim dəyişikliyi ilə bağlı məsələləri fəal şəkildə müzakirə etmək imkanı yaradacaq.

Şöbə müdirinin müavini Azərbaycanın AQFETM-ə sədrliyi çərçivəsində Gənclər Şurası üçün nəzərdə tutulan tədbirləri və onların gənclər üçün əhəmiyyətini də qeyd edib.

AQFETM Asiya ərazisinin və əhalisinin təxminən 90 faizini əhatə edən və beş istiqamət - hərbi-siyasi, yeni çağırışlar və təhdidlər, iqtisadi, ekoloji və insani sahələrdə çoxtərəfli əməkdaşlığı təşviq edən ən böyük hökumətlərarası forumdur. On ölkə və beş beynəlxalq təşkilat, o cümlədən BMT bu təşkilatda müşahidəçi statusuna malikdir.

AQFETM Gənclər Şurası üzv dövlətlərin fəaliyyəti çərçivəsində Şuraya daxil olan gənclər təşkilatlarının, assosiasiyalarının, hərəkatlarının fəaliyyətini əlaqələndirən məsləhətçi və məşvərətçi orqandır.