"Şagirdlər mənim körpə fidanlarımdır" - MÜƏLLİMLƏ MÜSAHİBƏ

3 Oktyabr 2024 16:11 (UTC+04:00)

Laçın rayon 11 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səadət Hacıyevanın SİA-ya müsahibəsini təqdim edirik:

- Niyə müəllimlik peşəsini seçmisiniz?

- Müəllim olmaq, uşaqlarla çalışmaq və onlara sevgi vermək ta uşaqlıqdan bəri arzum olub. Düşünürəm ki, arzuma çatmış, müəllimlik peşəsinə yiyələnmişəm. 27 ildir ki, müəllim olaraq çalışıram və öz peşəmi çox sevirəm. Uşaqların üzündəki təbəssüm məni çox xoşbəxt edir.

- Sizcə, müəllimlik çətindirmi?

- Hər bir peşə kimi müəllimliyin də öz çətinliyi var. İlk dəfə sinifə daxil olduqda müəllimdə həyəcan olması normal haldır. Həyəcanlı olmaq sənin işinə olan sevgin və məsuliyyətindən irəli gəlir.

Sinifə daxil olduğum ilk ildən 27 il keçib. Amma bu gün də hər sinifə daxil olduqda o həyəcanı həmin günkü kimi hiss edirəm. O illəri çox yaxşı xatırlayıram. Çalışmışam hər zaman şagirdlərimlə çox mehriban olum, onlara ana kimi yanaşıb qayğı göstərim. Onlarla elə ünsiyyət qururam ki, mənə qarşı sevgiləri artsın.

İlk dəfə həyəcanlanmışam. Amma onlarla çalışdıqca zaman-zaman bu həyəcan azalıb.

- Yaxşı müəllim olmaq üçün nələr etmək lazımdır?

- Yaxşı müəllim olmaq üçün ən birincisi peşəni və şagirdlərini sevməlisən. Öz peşənə qarşı diqqətli və məsuliyyətli olmaq da çox önəmli nüansdır. Şagird-müəllim münasibətini də düzgün qurmaq çox vacibdir. Həmişə şagirdlərə sevgi və qayğı ilə yanaşmaq lazımdır. Əgər mən onlara biliklə yanaşı, sevgi də verə bilirəmsə, onların gözündə yaxşı müəllim olacağam.

- Heç sizi çətin vəziyyətə salan şagirdləriniz olub?

- Mən ibtidai sinif müəlliməsiyəm və bu yaş qrupuna aid olan uşaqlarla çalışıram. Birinci sinifə şagirdlərin bəziləri sevinərək, bəziləri də ağlayaraq gəlir. Həmin o ağlayaraq gələn şagirdləri məktəb mühitinə adaptasiya etmək müəyyən qədər çətinlik yaradır. Amma sonradan heç bir çətinlik qalmır. Hər bir müəllim şagirdini öz övladı kimi görüb ona öz sevgisini verə bilirsə, burada çətin anlardan söhbət gedə bilməz.

- İş və ailə qayğılarını idarə edə bilirsinizmi? Ev işlərini necə yola verirsiniz?

- Əlbəttə, hər ikisini idarə etmək bir qədər çətindir. Amma hər bir halda çalışıram ki, işimin peşəkarı olduğum kimi ailəmə qarşı da məsuliyyətli və diqqətli olum. Bir sözlə, öhtəsindən gəlirəm.

- Dərsdən əlavə repetitorluqla məşğul olursunuzmu?

- Bilirsiniz ki, uşaqların hamısınıən bilik səviyyəsi eyni olmur. Onların bəzilərinə dərsdən əlavə məşğələlərdə köməklik etmək lazım gəlir. Bu zaman həmin şagirdlərə daha çox vaxt ayırıram. Çünki onları digər şagirdlərin səviyyəsinə çatdırmaq lazımdır.

- Uğur qazanmaq üçün özünüzə həmişə diqtə etdiyiniz nədir?

İşimə sevgi və məsuliyyətlə yanaşıram. Bu çox önəmlidir. Şagirdlərimi gələcəkdə yaxşı yerlərdə görmək mənim işimin ən uğurlu nöqtəsidir.

- Nə vaxt “çox çalışdım, bu qədər bəsdir” deyib sosial və iş fəaliyyətinizə son verməyi düşünürsünüz?

- İşimdən heç vaxt bezməmişəm. Yay tətilində şagirdlərim üçün çox darıxıram. Bu da peşəmə olan sevgimdən irəli gəlir. Yorulduğumu hələ hiss etməmişəm.

- Həmkarlarınıza bildirmək istədiyiniz nələrsə var?

- Müəllimlik peşəsi çox müqəddəsdir. Peşənizi sevin. Hər bir müəllimə öz peşəsində uğurlu olmaq üçün işini məsuliyyətlə görməyi və şagirdlərinə sevgi ilə yanaşmağı arzu edirəm.

- Siz ənənəvi müəllim obrazından nə ilə fərqlənirsiz?

- Bu gün imkanlar genişdir və elə sinifdəcə şagirdlər dərsi öyrənirlər. Bunun üçün əlimizdən gələni edirik.

- Uşaqlar sizi təkcə müəllimləri kimi deyil, həm də ən əziz insanları kimi sevirlər. Bu, valideynlərdə qısqanclıq yaratmır ki?

- Şagirdlər mənim körpə fidanlarımdır. Onlara ana qayğısı göstərməliyəm ki, o sevgini də ala bilim. Əgər onları özümdən kənarlaşdırsam, təbii ki məni sevməzlər. Düşünürəm ki, bu valideynlərdə qıcıqlıq yaratmır. Valideynlər evdə uşaqlarının müəllimlərini çox sevdikləri barədə olan danışıqlarını mənə bildirdikdə çox xoşbəxt oluram. Bu zaman övladını məktəbə yollayan valideynin də ürəyi rahat olur. Çox sevinirəm ki, şagirdlərimlə arada bu körpünü yarada bilmişəm.

- Müəllimlik peşəsinə həvəsiniz nə zaman, necə yarandı?

- Məktəbli olduğum zaman müəllimlərimi çox sevirdim. Onların mənə qarşı olan diqqət və qayğıları da bu peşəni sevməkdə mənə çox kömək oldu.

- Adətən hər bir müəllimin özünəməsxus tədris metodları olur. Bəs sizin özünüzün fərqli bir dərs - tədris metodunuz varmı?

- Doğrudur, hər bir müəllimin özünəməxsus tədris metodu var. Şagirdlərə daha çox axtarışda olmağı öyrətməliyik ki, daim yenilik öyrənsinlər. Müəllimlər yenilikləri tədris etsə, onlara daha çox məlumat vermiş olar.

- Şagirdlərinizdən gözləntiləriniz nələrdir?

- Onlardan tək gözləntim uğurlu nailiyyətlərdir. Bu mənim üçün ən böyük gözləntidir.

- Fikrinizcə təhsilimizdə nə kimi yeniliklərin olmasını istərdiniz?

- Düşünürəm ki, təhsilimizdə hər zaman yeniliklər olub. Son zamanlarda da xeyli inkişaf var. Şagirdlər dövlətdən bu qayğını gördükdə çox sevinirlər. Hər il onlar üçün yeni kitablar gəlir. Bu da dövlətimizin təhsilimizə olan qayğısından qaynaqlanır.

Ayşən Vəli