Tayvanda faciə yaşanıb - çoxlu insan öldü

3 Oktyabr 2024 13:05 (UTC+04:00)

Tayvanda xəstəxana yanğına təslim olub. Yanğın zamanı 9 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Krathon” qasırğasının vurduğu Tayvanda xəstəxanada naməlum səbəbdən yanğın baş verib.

Tayvan səlahiyyətliləri 9 nəfərin tüstüdən zəhərlənərək öldüyünü açıqlayıb. Yanğından sonra xəstəxanadakılar təxliyyə edilərkən, yaxınlıqdakı bazanın əsgərləri xəstələrin təxliyəsi və alovun söndürülməsində tibb işçilərinə və yanğınsöndürənlərə kömək etmək üçün səfərbər edilib. Xəstələr yaxınlıqdakı sığınacaqlara aparılarkən, hadisə ilə bağlı araşdırma başladılıb.

Tayvanın cənub-qərbindəki Kaohsiung şəhərini vuran "Krathon" qasırğası təsirini davam etdirir. Tayvan Fövqəladə Hallar Nazirliyi cənub-qərbdə Taitungda düşən qayanın maşınına dəyməsi nəticəsində bir nəfərin öldüyünü, ümumi can itkisinin 2-yə, yaralıların sayının isə 123-ə yüksəldiyini açıqlayıb.

Şiddətli tufan və yağış səbəbindən adada bütün daxili reyslər və 236 beynəlxalq reys təxirə salınıb. Sürüşmə təhlükəsi olan ərazilərdən minlərlə insan təxliyə edilib. Qasırğanın təsirini davam etdirdiyi Kaohsiungda bir çox binanın damı uçub.