ADA Universitetində beynəlxalq simpozium keçirilib - YENİLƏNİB - FOTOLAR

3 Oktyabr 2024 13:03 (UTC+04:00)

ADA Universitetində Azərbaycanda kənd təsərrüfatı və su hövzələrinin idarə edilməsinə dair “COP29 çərçivəsində kənd təsərrüfatı və su resurslarının idarə edilməsində davamlılıq və yenilikçilik” mövzusunda beynəlxalq simpozium keçirilib. SİA xəbər verir ki, simpoziumda Macarıstanın, İtaliyanın və Qazaxıstanın ölkəmizdəki səfirləri, alimlər, yerli və xarici mütəxəssislər iştirak ediblər.

Tədbiri ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov açaraq mövzunun əhəmiyyətindən danışaraq bildirib ki, simpoziumda iqlim dəyişikliyinin kənd təəsərrüfatına, enerji sektoruna, su hövzələrinə təsiri və bu təsirlərin azaldılmsı məsələri müzakirə ediləcək.

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma çıxış edərək bildirib ki, bu gün dünyada sənayenin inkişafı qlobal səviyyədə iqlim dəyişikliyinə səbəb olur: “İqlim dəyişikliyi kənd təsərrüfaına və su hövzələrinə mənfi təsir göstərir ki, bunların da qarşısı əməkdaşlıqla alına bilər”.

Macarstan nümayəndə heyətinin COP29-da iştirak edəcəyini bildirən səfir iqlim dəyişikliyi ilə əlaqədar Azərbaycanın təşəbbüslərini dəstəkləndiyini bildirib.

Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov simpoziumda çıxış edərək iqlim dəyişikliyi ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlərdən, alternativ enerjiyə keçitdən danışıb. Nəzərə çatdırılıb ki, Azərbaycanın alternativ enerji istehsalı üçün böyük potensialı var: “Azərbaycanda külək və günəş enerjisindən böyük həcmdə elektrik enerjisi əldə etmək mümkündür və bu istiqamətdə işlər davam edir. COP29-un gələn ay Bakıda keçirilməsi də təsadüfi xarakter daşımır. Azərbaycan hökuməti qlobal problemlərə, o cümlədən iqlim dəyişikliyinə ciddi diqqət yetirir”.

İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko çıxış edərək bildirib ki, Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə olduğu kimi iqlim dəyişiliyi məsələsində də əməkdaşlıq əlaqələri var və bu əlaqələrin genişləndirilnəsi zəruridir. Səfirin sözlərinə görə, iqlim dəyişikliyi qlobal xarakter daşıyır və bütün dövlətlər atmosferə atılan karbonun azalması istiqamətində birgə fəaliyyət göstərməlidirlər: “Bu günə kimi Azərbaycan bir çox irimiqyaslı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib və COP29 da uğurla təşkil edəcək”.

Səfir COP29-da qəbul edilən qərarların dünya dövlətləri tərəfindən səmərəli formada həyata keçirəcəklərinə əmin olduğunu bildirib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel simpoziumda bildirib ki, Qazaxıstan 2030-cu ilə kimi atmosferə atılan karbon qazını 15 faiz azaltmağı planlaşdırıb: “Bu istiqamətdə Qazaxıstanın müvafiq strukturları yol xəritəsi hazırlayırlar. Qazxıstanın alternativ enerji əldə etmək üçün böyük potensialı var və bundan artıq istifadə olunur. Alternativ enerji istehsalının artırılması üçün xarici mütəxəssislər və investorlar dəvət edilir”.

Digər çıxış edənlər müasir dünyada karbonsuzlaşmanın zəruri olduğunu, atmosferə atılan zərərli qazların azaldılması istiqamətində əməkdaşlığın əhəmiyyətli olduğunu qeyd ediblər. Nəzərə çatdırılıb ki, Azərbaycan su ehtiyatları qıtlığından əziyyət çəkən, eləcə də, iqtisadiyyatının əhəmiyyətli bir hissəsi kənd təsərrüfatı sahəsində formalaşan ölkə olaraq, iqlim dəyişikliyi mövzusunda beynəlxalq əməkdaşlığı təşviq etməyə davam edir.

Daha sonra alimlər, mütəxəssislər su resurslarının mühafizəsi və iqlim dəyişikliyi ilə əlaqədar məruzələr söyləyib, slaydlar nümayiş olunub, görülməsi zəruri olan tədbirlər barədə müzakirələr aparılıb.