İkinci Qarabağ şəhidi İbrahim Sadıqlının 4-cü ildönümü keçirilib - FOTOLAR

3 Oktyabr 2024 12:47 (UTC+04:00)

Bu gün İkinci Qarabağ müharibəsi şəhidi İbrahim Sadıqlının ikinci Şəhidlər Xiyabanında 4-cü ildönümü keçirilib. SİA xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Binəqədi İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Səməndər Mənəfov, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, Milli Məclisin deputatları Azay Quliyev, Kəmaləddin Qafarov iştirak ediblər.

Tədbir zamanı şəhid İbrahim Sadıqlının valideynləri öz təəssüratlarını bölüşüblər.

Xatırladaq ki, Azərbaycan Ordusunun giziri olan İbrahim Sadıqlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın və Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Sadıqlı oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. İkinci Şəhidlər Xiyabanında dəfn olunub.