"Cəbrayıl ciddi dönüş yaradan hadisə kimi dəyərləndirilməlidir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

3 Oktyabr 2024 12:10 (UTC+04:00)

"Təbii ki, 4 oktyabr Azərbaycan tarixinin ən önəmli tarixlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq bildirib ki, 4 oktyabr Cəbrayıl şəhəri günüdür: "44 günlük Vətən savaşı zamanı Azərbaycanın rayon mərkəzlərindən ilkin olaraq Cəbrayıl azad edildi. Cəbrayılın azad olunması həm Azərbaycan ordusunun əhval-ruhiyyəsini ciddi təsir etdi, o cümlədən Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsini yüksək səviyyəyə qaldırdı.

Eyni zamanda Cəbrayılın azad olunması Ermənistan ordusunun psixoloji cəhətdən sındırılması və dönüş nöqtəsi kimi də dəyərləndirilə bilər. Belə ki, məhz Cəbrayıl istiqamətində Ermənistan ordusu olduqca ağır itkilərə məruz qaldı. O zaman Ermənistan baş qərargahının hazırladığı "unikal əməliyyat" nəticəsində Azərbaycan ordusu mühasirəyə salınaraq ona ağır zərbə vurulmalı idi. Azərbaycan ordusu yüksək peşəkarlıq nümayiş etdirərək əslində erməniləri öz tələsinə salmaqla yüzlərlə erməni hərbiçisini döyüş meydanında cəsədlərini buraxmağa məcbur etdi. Ermənistan ordusu məhz bundan sonra başıpozuq və psixoloji cəhətdən sındırılmış halda geri çəkilməyə başladı.

Cəbrayılın azad olunması, ardınca Hadrut, Füzuli, digər rayon mərkəzlərimizin azad olunması istiqamətində ciddi addımlar atılmağa başladı. Bu səbəbdən Cəbrayılın azad olunması 44 günlük savaşda ilk böyük qələbə kimi qeyd olunmaqla döyüşün taleyində ciddi dönüş yaradan hadisə kimi dəyərləndirilməlidir".