"İnsan azaddır, özbaşına deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

3 Oktyabr 2024 11:25 (UTC+04:00)

"Allah hər şeyin miqdarını, qədərini təyin etmişdir. Bu, doğru sözdür, amma doğru anlaşılmır". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, doğrusu budur ki, insan istədiyi qədər pul qazana bilməz, istədiyi qədər yemək yeyə bilməz: "Mədəsinin tutumu var. İnsan istədiyi qədər gücə malik ola bilməz. İnsandan güclü şeylər var. İnsan istədiyi qədər aktiv ola bilməz, ona istirahət lazımdır. Lakin bu o demək deyil ki, əgər bir insan güc, ruzi imkanlarından maksimum istifadə etmirsə, bu o deməkdir ki, hələ bu qədər yaranıb. Məsələn, ruzi qazanmağı götürək. Fərz edək ki, Allah insan üçün aya 100 min manat ruzi təyin edib, amma şərtləndirib. Şərti də belədir ki, əgər bu insan maksimum ruzi qazanmaq üçün çalışsa, aya 100 min manat qazana biləcək. Maksimum çalışmasa, aya 70 min qazanacaq. Daha az çalışsa, aya 50 min qazanacaq. Çalışmasa, elə edəcək ki, ac qalmasın. Yəni biz Allahın bizim üçün təyin etdiyi çərçivədə azadıq. İnsan azaddır, özbaşına deyil. Özbaşınalıq budur ki, insan nə istəyirsə, onu da edir. Azadlıq budur ki, insan ağıl çərçivəsində istədiyini edir. Allah ağıl çərçivəsində hikməti ilə insanın ruzisini təyin edib. Amma bu o demək deyil ki, insan yalnış seçim edibsə, deməli, Allah belə yazıb. Bu, doğru fikir deyil".

"Evlilik də belədir. Allah-təala təyin edib ki, bu xanım özünü ismətli, namuslu aparsa, yaxud da elm oxusa, belə bir oğlanı onun üçün təyin etmişəm. Bu oğlan uzaqdan da, yaxından da ola bilər. Əgər bu xanım öz həyatına mənfi müdaxilələr edirsə, düz istiqamətdən çəkilirsə, o oğlanlardan ən səviyyəsizi ona qismət olacaq. Qəzavü-qədər bu deməkdir. Qurani-Kərimdə ayə var ki, biz köçəri quşların da ruzisini təyin edirik, sabit quşların da ruzisini təyin edirik. Bir coğrafiyada məskunlaşmış quşlar oranın ruzi qaynaqlarını bilirlər. Köçəri quşlarda bu imkan yoxdur. Bilmir ki, getdiyi yerdə ovçu var, getdiyi yerdə ruzi varmı? Çünki Allah təyin edib. O quş öz təbiəti etibarilə anlayır ki, onu Allah ac saxlamayacaq. İnsan haqqında da Allah buyurur ki, insanlıqla məşğul olsa, ruzisini Allah təyin edib. Amma insanlıqla məşğul olmasa, yenə də ruzi qazanacaq, amma bu ruzini Allah qəbul etməyəcək. Allah-təalanın yaratdığı yer kürəsində onun ruzisini yeyib ona qarşı düşmənçilik edirsən deyəcək. Deməli, sən haqsız olaraq bu dünyada yaşayırsan. Nəticə odur ki, hər bir insanın ruzisi, ömrü təyin olunub, amma bu ömrün daxilində maksimuma qaldırmaq, minumuma endirmək insanın əlindədir.

Ömür təyin olunub ki, bu insan maksimum 150 il yaşaya bilər. Əgər orqanizmini düzgün saxlamasa, biz ona 70 il ömür verəcəyik. Bir az da anormal hərəkətlər etsə, 50 il, maksimum biz deyəni etsə, 150 il yaşayacaq. Bu çərçivədə insan azaddır" - deyə o, əlavə edib.