Hesablama Palatası siyasi partiyaları da yoxlaya biləcək

3 Oktyabr 2024 10:26 (UTC+04:00)

Kənar dövlət maliyyə nəzarəti obyektlərinin siyahısı genişləndirilir. SİA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, siyasi partiyalar kənar dövlət maliyyə nəzarətinin obyektləri sırasına daxil edilir.

Qeyd edək ki, kənar dövlət maliyyə nəzarəti dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə edilməsinə ali audit orqanı tərəfindən həyata keçirilən müstəqil dövlət nəzarətidir.

Kənar dövlət maliyyə nəzarətinin obyektləri dedikdə dövlət orqanları, büdcədənkənar dövlət fondları, bələdiyyələr, publik hüquqi şəxslər, dövlətin və (və ya) bələdiyyələrin səhmi (payı) olan hüquqi şəxslər nəzərdə tutulur.