Sülhə mane olan FAKTLAR - TƏHLİL

2 Oktyabr 2024 20:43 (UTC+04:00)

Azərbaycan Ordusunun 44 günlük müharibədə qələbə qazanması fonunda rəsmi Bakı sülh təklifi ilə çıxış etdi, amma hələ də həmin o müqavilə, sülh müqaviləsi bağlanmayıb. Doğrudur, ölkəmizin təşəbbüsü ilə irəli sürülən sülh danışıqları ilə bağlı kifayət qədər müzakirələr olub, Ermənistanın baş nazirinin təbirincə desək, 80 faiz razılıq da əldə edilib, lakin nədənsə yekun nəticə hələ də əldə olunmayıb. Sözsüz ki, nəticənin əldə olunmaması səbəbsiz deyil və bunun məlum səbəbləri mövcuddur və sülhə mane olan faktlar da ortadadır.

Sülh müqaviləsini imzalamağa Ermənistanın hazır olmasi barədə səsləndirilən bəyanatlar mənasız, əsassız fikirlərdir

Ola bilsin, Ermənistan tərəfinin, ələlxüsus da Paşinyan hakimiyyətinin sülh gündəliyi ilə bağlı iddiaları barədə İrəvan tərəfindən ötürülən yalan informasiya dünya ictimaiyyətində belə bir fikir formalaşdıra bilər ki, guya ermənilər, şəxsən erməni baş nazir sülh üçün çox çalışır, sülhə nail olmaq, sülh müqaviləsi bağlamaq üçün dəridən-qabıqdan çıxır, amma əslində belə deyil. Xüsusən də Ermənistan hakimiyyətinin, şəxsən baş nazir Nikol Paşinyanın sülh müqaviləsini imzalamağa rəsmi İrəvanın hazır olduğu barədə səsləndirdiyi bəyanatlar gəlişi gözəl sözlər olsa da, nəticə olmaması fonunda dedikləri mənasız fikirlər, ifadələr kimi səslənir və mahiyyəti də ortadadır. Məsələ burasındadır ki, boğazdan yuxarı belə bəyanatlar səsləndirən zaman Nikol Paşinyan nəticənin ortada olmamasına görə qətiyyən utanmır. Ona sual verən də yoxdur, cavabını da bilmir ki, nəyə görə dedikləri ilə reallıqlar üst-üstə düşmür? Həqiqətən də çox ciddi suallar doğur və maraqlıdır ki, müharibənin bitməsindən 4 il keçməsinə baxmayaraq hələ də sülh müqaviləsi niyə bağlanmayıb? Əgər Azərbaycan tərəfi, özü də qələbə qazanan bir tərəf olaraq, sülh təşəbbüsü ilə çıxış edibsə, Nikolun da dediyi kimi, guya Ermənistan da öz növbəsində sülh üçün çalışırsa, bəs onda niyə, nəyə görə nəticə əldə olunmur və nə səbəbə hələ də sülh müqaviləsinin imzalanması baş tutmayıb? Hər iki tərəf, sülh təşəbbüsü ilə çıxış edən Azərbaycan tərəfi də, guya sülh əldə olunmasında maraqlı kimi özünü güstərən Ermənistan tərəfi də sülh istəyirsə, rəsmi İrəvan həqiqətən də yalan bəyanatlarla çıxış etmirsə, hayların sülhə nail olmağa çalışdıqlarını bəyan etdiyi zaman yalana əl atmırsa, niyə bu vaxta qədər həmin sənəd, sülh müqaviləsi imzalanmayıb. Həqiqətən də bu məqam diqqətdən qətiyyən yayına bilməz və istənilən halda bunun səbəblərinin olması da təkzib edilə bilməz. Əslində, səbəbsiz, əbəs yerə sülh sazişi belə uzanmazdı və heç şübhəsiz ki, ortada olan bir sıra faktlar bəzi məqamlara aydınlıq gətirmək üçün yetərlidir.

Ermənistan hakimiyyəti manipulyasiyaya əl atır və yalnız sözdə sülh tərəfdarı kimi çıxış edir

“Mən sülh və münasibətlərin bərqərar olması haqqında razılaşdırılmış mətni mümkün qədər tez imzalamağa hazır olduğumuzu təsdiq etmək istəyirəm. Biz təklif edirik ki, artıq razılaşdırılmış şeyi imzalayaq, fundamental sənədimiz olsun və sonra digər məsələlərin müzakirəsinə davam edək”, deyə Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 10-da “İrəvan dialoqları” beynəlxalq forumunun açılışında bildirib. O, hətta qeyd edib ki, sülh müqaviləsinin mətnində 13 bənd və preambula tam razılaşdırılıb, eyni zamanda üç bənd də qismən razılaşdırılıb. Reallıq isə əslində ondan ibarətdir ki, bu günə qədər sülh sazişi layihəsinə dair on şərh mübadiləsi aparılıb, bu zaman müəyyən müddəalar və mətnlər razılaşdırılıb. Azərbaycan tərəfinin iyun ayında olan təkliflərinə Ermənistan tərəfi bir də sentyabr ayında cavab verib. Yəni, rəsmi İrəvan öz cavabını yubadıb. Məsələnin mahiyyətinə diqqətlə nəzər saldıqda görünür ki, yeni müddəaların, özü də razılaşdırılmamış məsələlərin olması fonunda Ermənistan tərəfi planlı şəkildə sülh prosesinin əsas aspektlərindən yan keçmək niyyətində olub və yenə də eyni niyyətdədir, baxmayaraq ki, Paşinyan özü də, hakimiyyət komandası da yalandan sülhə maraqlı kimi özünü göstərməkdədir.

Görünən odur ki, Nikol Paşinyan öz ölkəsində olan revanşistlərin təzyiqindən çəkinərək bəzi məsələləri sülh müqaviləsinin mətnindən çıxarmaq məqsədi güdür, lakin danışanda müqavilənin şərtlərinin demək olar ki, böyük əksəriyyətinin razılaşdırıldığını deyir. Hətta erməni baş nazir natamam sənədin belə imzalanması təklifi ilə çıxış edir, halbuki, rəsmi Bakı belə bir sənədin uzunmüddətli sülhü təmin edə bilməyəcəyi qənaətindədir və bunu gizlətmir də. Onu da xatırladaq ki, Ermənistan hakimiyyəti gah natamam sənədin imzalanmasını, gah da bunun əksini təklif edir. “Danışıqlarda belə yanaşma var: hər şey razılaşdırılmayıbsa, deməli, hələ heç nə razılaşdırılmayıb”, fikri ilə çıxış edən Paşinyan hakimiyyətinin bu yanaşması əvvəlki ilə tamamilə ziddiyyət təşkil edir. Deməli, Ermənistan hakimiyyəti hələ də manipulyasiyalara əl atır və yalnız sözdə sülh tərəfdarı kimi çıxış edir. Ən azından sülhə mane olan faktlar bizə bu qənaətə gəlmək üçün əsas verir.

Maneələrdən biri məhz konstitusiyaya dəyişiklik etməkdən Ermənistanın imtina etməsidir

Xatırladaq ki, sülh sazişinin qarşısında duran əsas maneələrdən biri məhz Ermənistanın konstitusiyaya dəyişiklik etməkdən imtina etməsidir. “Ermənistan Konstitusiyasında onların bizə aid etməyə çalışdıqları barədə heç nə yoxdur”, deyə İrəvan Dialoqu forumunda çıxışı zamanı Vovayeviç bildirib. Halbuki, həqiqətən də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının olması heç kim üçün sirr deyil. Əlbəttə ki, rəsmi Bakı bu faktı sülh müqaviləsi üçün ən böyük maneə hesab edir. Amma maneənin olub-olmamasında Erməniztanın qətiyyən maraq göstərməməsi göz önündədir. Əks halda, İrəvan konstitusiyaya heç olmasa bir nəzərə də olsa salardı. “Bizə konstitusiya dəyişiklikləri yox, yeni Konstitusiya lazımdır. Biz bu məsələni müzakirə etdik və konsensusa gəldik”, deyərək jurnalistlərə bildirənlər özləri sülh danışıqlarına mane olanlardır.

Müşahidə etdik ki, Ermənistan hərbi potensialını artırmaqda davam edir. Deməli, rəsmi Bakının niyyəti sülh olsa da, Ermənistanın belə bir niyyəti hələlik görünümür və bunun üçün, sülh sənədinin imzalanması üçün heç tələsmir də...