“Sabah Şərq ölkələri kino sənayesi bazarına start veriləcək”

2 Oktyabr 2024 19:50 (UTC+04:00)

“Bu il Azərbaycanda ilk dəfə olaraq Baku Cinema Breeze kino sənayesi platformasına start verilir. Platforma bir neçə film festivallarını birləşdirir. Belə ki, DokuBaku Beynəlxalq Sənədli Filmləri Festivalı, BİFF Bakı Beynəlxalq Film Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya filmləri festivalı və ANIMAFILM Beynəlxalq Animasiya Festivalı eyni platformada birləşir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib.

O bildirib ki, platformanın əsas məqsədi isə ölkədə baş verən proseslərə marağın artırılması və kino sənayesində olan prosesləri sürətləndirməkdir:

“Eyni zamanda sabah ilk dəfə olaraq Şərq ölkələri kino sənayesi bazarına da start veriləcək. Burada fərqli ölkələrdən 30-dan çox prodüser şirkəti iştirak edəcək. Kino sənayesinin inkişafı sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində keçirilən tədbirlər sırasındadır. Burada əsas məqsəd ölkənin kino sənayesində biznes subyektlərinin və keçirilən layihələrin artırılmasını təşviq etməkdir. Ümid edirik ki, platforma yerli şirkətlərin diqqətini çəkəcək və biznesin artırılmasına səbəb olacaq”.