İçməli sudan infeksiyaya yoluxuruq? - MÜTƏXƏSSİS AÇIQLADI

2 Oktyabr 2024 17:01 (UTC+04:00)

“İçməli sudan infeksiyaya yoluxma daha çox suyun kimyəvi, fiziki və bioloji tərkibinin normalara uyğun olmaması ilə əlaqədardır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qida üzrə mütəxəssis Asim Vəliyev deyib.

Onun sözlərinə görə, suyun çirklənməsi mikroorqanizmlər, parazitlər və ya zərərli kimyəvi maddələr vasitəsilə baş verir: “Nəticədə insanlar üçün müxtəlif xəstəliklərə yoluxa bilir.

İçməli suda olan E. coli, Salmonella, Shigella, Campylobacter kimi bakteriyalar, eləcə də Hepatit A və Norovirus kimi viruslar insanlarda mədə-bağırsaq problemlərinə, ishal, qusma və qızdırma kimi simptomlara səbəb ola bilir. Su mənbələrinin (göllər, çaylar) kanalizasiya suları və ya digər tullantılarla çirklənməsi bu mikroorqanizmlərin suya keçməsinə səbəb olur.

İçməli suda rast gəlinən bağırsaq lyambliyası kimi parazitlər, hətta xlorlanma prosesindən sonra da suyun tərkibində qala bilir. Bu parazitlər infeksiyaya yoluxmuş heyvanların və ya insanların nəcisindən suya keçərək mədə-bağırsaq sistemi xəstəliklərinə səbəb olur. Belə infeksiyalar adətən qarın ağrısı, ishal və qızdırma ilə özünü göstərir.

İçməli suya ağır metallar (qurğuşun, civə), pestisidlər və ya sənaye tullantıları qarışdıqda kimyəvi çirklənmə yaranır. Bu cür suyun istifadəsi insan orqanizmində uzunmüddətli təsirlərə, hətta xərçəng, böyrək və qaraciyər xəstəliklərinə səbəb ola bilir .
Təbii fəlakətlər (daşqınlar, torpaq sürüşmələri) və ya su təmizləmə qurğularının düzgün çalışmaması səbəbindən suyun tərkibi tez-tez dəyişir və infeksiya riski artır. Xüsusilə kənd yerlərində, suyun təmizlənməsi və saxlanılması qaydalarına düzgün riayət edilmədikdə, bu infeksiya riski daha çox müşahidə edilir.
Son zamanlar içməli su vasitəsilə infeksiyaların artmasının bir neçə əsas səbəbi var. İqlim dəyişiklikləri nəticəsində su mənbələrində temperatur yüksəlir və suyun tərkibindəki mikroorqanizmlərin çoxalmasına şərait yaranır. Belə şəraitdə bakteriyalar və parazitlər daha sürətlə artır.

Şəhərləşmə və sənaye fəaliyyəti artdıqca, tullantı sularının düzgün idarə olunmaması səbəbindən içməli su mənbələri daha çox çirklənir.

Bir çox ölkələrdə və şəhərlərdə su təmizləyici infrastruktur köhnəlib və yenilənmədiyindən, bu qurğular çirklənmiş suları lazımi dərəcədə təmizləyə bilmir. Bu da suyun təhlükəsizlik səviyyəsinə təsir edir.

Əhali artdıqca içməli suya olan tələbat artır. Nəticədə, su ehtiyatları daha çox istismar olunur və suyun təmizlənməsi prosesi də çətinləşir.

Su təmizləmə prosesində müxtəlif üsullar tətbiq olunmalıdır. Məsələn, qaynatma, filtrasiya və ultrabənövşəyi şüalanma suyun tərkibində olan mikroorqanizmləri məhv etmək üçün effektiv üsullardır.

İçməli suyun xlorla və ya ozonla təmizlənməsi ənənəvi və geniş yayılan üsuldur. Bu metodlar suda olan bakteriya və virusların məhv edilməsində effektivdir. İçməli su mənbələrinin ətraf mühitdən çirklənməsinin qarşısını almaq vacibdir. Su hövzələrində sənaye tullantılarının, məişət çirklərinin və pestisidlərin axıdılmasına qarşı ciddi nəzarət olmalıdır”.

Ayşən Vəli