Cəbrayıldakı “Şəfəq” GES-lə bağlı Birgə İştirak Müqaviləsi imzalanıb - FOTO

2 Oktyabr 2024 16:43 (UTC+04:00)

Bu gün Cəbrayılda 240 MVt-lıq "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) tikilməsi məqsədilə BP, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Green" MMC və İqtisadiyyat Nazrliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında Birgə İştirak Müqaviləsi imzalanıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayı Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi və “yaşıl enerji” potensialının reallaşdırılması üçün mühüm təşəbbüslər həyata keçirilir. Bu layihə birbaşa xarici investisiya cəlb edilməsi ilə ölkəmizin "yaşıl keçid” hədəfinin dəstəklənməsinə, Cəbrayıl rayonunun iqtisadi inkişafı və günəş enerjisi potensialından istifadə etməklə bölgənin enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək.