Əsl siyasət konkret fəaliyyətdən ibarətdir

2 Oktyabr 2024 16:28 (UTC+04:00)

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Prezident İlham Əliyev 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edərək qeyd etdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.

Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında qarşıya qoyulan vəzifələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft ixracında daha yüksək göstəricilər əldə etmək, bununla da dünya iqtisadiyyatında respublikamızın mövqeyini gücləndirmək hədəflənir.

Son 20 ilin iqtisadi yekunları qeyri-neft iqtisadiyyatı ilə bağlı gözləntilərin yüksək səviyyədə reallaşa­cağından xəbər verir. Belə ki, 2003-2023-cü illər ərzində respublikamızın ticarət tərəfdaşla­rının sayı artaraq 2022-ci ildə 55 ölkədən 185-ə çatıb. Təkcə ötən il Azərbaycandan 110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac olunub. Xarici ticarət dövriyyəsi isə bu müddətdə 3,8 milyard dollardan 52,7 milyard dollara, qeyri-neft ixracı 0,26 mil­yard dollardan 3,05 milyard dollara yüksə­lib. Xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirildiyini qeyd edən dövlət başçısı, ölkəmizdə hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ölkəmizin suverenliyinin tam təmin edilməsi faktorunun xarici investorların bizə olan münasibətini daha da yaxşılaşdırdığını vurğulayıb.

Ölkəmizdə çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və bunun bəhrəsini indi görürük.

Müşavirədə Prezident İlham Əliyev yeni layihələrdən söz açaraq qeyd etdi ki, hazırda neft-qaz sektorunda genişmiqyaslı işlər aparılır. Neft-qaz sahəsində templər müsbət olacaqdır. Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir.

Müşavirədə müzakirə edilən məsələlər bir daha göstərdi ki dövlətimizin maliyyə imkanları yüksəldikcə ölkəmiz sürətlə inkişaf edir. Qarşımızda yorulmadan, çəkinmədən, böyük fədakarlıqla daha güclü, qüdrətli Azərbaycan uğrunda fəaliyyət göstərən Prezident İlham Əliyev nümunəsi var. Hər kəs öz sahəsində bu örnəyi, bu mükəmməl meyarı real işlərlə yaşatsa, doğma Azərbaycan daha inkişaf etmiş, daha da möhtəşəm bir ölkəyə çevriləcək. Dövlət başçısının “Əsl siyasət real iş və konkret fəaliyyətdən ibarətdir” prinsipi Azərbaycan iqtidarının səmərəli fəaliyyətinin, əldə etdiyi misilsiz uğurların əsas təməlidir. yap.org.az