"Ağkilsəyə qayıdıb yenidən Aşıq Ələsgərin abidəsini bərpa edəcəyik" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

2 Oktyabr 2024 16:08 (UTC+04:00)

"Sentyabr ayının 30-da Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi Aşıq Ələsgərin Bakı şəhərində abidəsinin açılışı oldu. Ölkə Prezidenti cənab İlham Əliyev və oğlu Heydər Əliyev bu mərasimdə iştirak etdilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

O bildirib ki, cənab Prezident mərasimdə iştirakı çərçivəsində geniş nitq də söyləyib və nitqində vurğulayıb ki, üç il bundan öncə böyük el sənətkarı Aşıq Ələsgərlə bağlı iki sərəncam imzalanmışdır: "Onlardan biri böyük el sənətkarının 200 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı idi. Bu sərəncam artıq icra olunub. İkinci sərəncam isə Aşıq Ələsgərin Bakı şəhərinin mərkəzində abidəsinin qoyulması ilə əlaqədar idi. Artıq bu sərəncam da icra olundu. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, Aşıq Ələsgər Vətənə, torpağa sevgini öz poeziyasında səsləndirmişdir. Aşıq Ələsgər poeziyası torpağa, Vətənə məhəbbətin ən yüksək səviyyədə mücəssəməsidir.

Cənab Prezident onu da qeyd etdi ki, Aşıq Ələsgər torpağa, Vətənə bağlı insan olmuş, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı deportasiya siyasətinin birinci dalğasının qurbanlarından olmuşdur. Ahıl yaşında doğulub boya-başa çatdığı doğma Agkilsə kəndini tərk etməyə məcbur olmuş, Kəlbəcərə gəlmişdir. Lakin Kəlbəcərdən də üç il sonra yenidən təhlükələrə baxmayaraq Agkilsə kəndinə qayıtmışdır. Bu, Vətənə olan sevginin ən yüksək ifadəsidir.

Cənab Prezident qeyd etdi ki, 70-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev Aşıq Ələsgərin 150 illiyinin bütün Sovet imperiyasında qeyd olunmasına nail olmuş, eyni zamanda Agkilsə kəndində abidəsinin qoyulmasını təmin etmişdir. Bu, Ulu Öndərin Aşıq Ələsgər poeziyasına, aşıq sənətinə olan yüksək qiymətinin ifadəsidir. Cənab Prezident onu da qeyd etdi ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi ikinci deportasiya dalğası 40-cı illərin sonu, 50-ci illərin əvvəllərinə təsadüf edir. Üçüncü dalğa isə 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində baş verib. Ermənilər də məhz üçüncü dalğa zamanı Aşıq Ələsgərin Agkilsə kəndindəki abidəsini dağıtdılar. Bu, erməni barbarlığının bariz nümunəsidir. 30 illik işğal dövründə də onlar təkcə Aşıq Ələsgərin deyil, eyni zamanda bütün tarixi, mədəni abidələrimizi yer üzündən silməyə çalışmış, mədəni irsimizi məhv etmək istəmişlər. Bu, erməni vəhşiliyidir. Bütün dünya bu vəhşiliyə indi də şahidlik edir".

"Eyni zamanda cənab Prezident onu da vurğuladı ki, biz qürur və fəxarət hissi ilə Aşıq Ələsgərin abidəsini ucaldırıq. Çünki bizim şanlı ordumuz ikiqat qələbəyə imza atıb. Əvvəlcə 2020-ci ildə Vətən müharibəsi zamanı ərazi bütövlüyümüzü təmin etdi, bu həm də tarixi ədalətin bərpası idi. Erməni seperatizminin kökünü kəsdik. 2023-cü ildə isə bir sutkalıq antiterror əməliyyatları zamanı ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, həm də suverenliyi də qəti şəkildə təmin edildi. Bu gün biz yeni hədəflər müəyyən etmişik. Bu hədəflərə çatmaq yolunda öz siyasətimizi davam etdiririk. Bizim ən böyük hədəflərimizdən biri Qarabağ və Şərqi Zəngəzura "Böyük Qayıdış"ın təmin edilməsidir. Bu istiqamətdə çox ciddi işlər görülür. Şuşa, Laçın, Xankəndi, Füzulidə məktəblər fəaliyyət göstərir. Həm də tarixi qayıdışın böyük rəmzi mənası da var. Rəmzi mənası odur ki, biz o torpaqlardan deportasiya olunmuşduq, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdi. Əhalimiz qaçqın, məcburi köçkün vəziyyətinə salınmışdı. İndi o torpaqlara əzəli sahibləri qayıdır, əkir, becərir, tikir, yaradır. Bir çox hallarda isə o torpaqlarda doğulmayan gənclərimiz qayıdışda fəal qüvvəyə çevrilib. Bu həm də bizdə başqa bir ümid yaradır ki, yeni gənclik Qərbi Azərbaycandakı torpaqlarımıza da eyni həvəslə qayıdacaq. Əgər biz "Böyük Qayıdış"ı Qarabağ və Şərqi Zəngəzura edə biliriksə, deməli, yenidən Qərbi Azərbaycana qayıda biləcəyik. Ağkilsəyə də qayıdıb yenidən Aşıq Ələsgərin abidəsini bərpa edəcəyik. İşğaldan azad olunmuş ərazilərimizdə tarixi, mədəni, dini abidələrimizi bərpa edirik. Eyni həvəs, coşğuyla Qərbi Azərbaycanda da tarixi, mədəni abidələrimizi bərpa edəcəyik, Aşıq Ələsgərin abidəsini yenidən ucaldacağıq" - deyə o, əlavə edib.