“Gələcək nəsillərin uğurlu yetişməsində müəllimin rolu danılmazdır” - MÜNASİBƏT BİLDİRİLDİ

2 Oktyabr 2024 15:42 (UTC+04:00)

“5 oktyabr Müəllimlər Günüdür və müəllimlik dünyadakı ən şərəfli peşələrdən biridir. Əbəs yerə Ulu Öndər Heydər Əliyev “mən müəllim adından daha yüksək, daha şərəfli ad tanımıram” deməmişdir. Ölkənin inkişafında, ixtisaslaşmış kadrların yetişməsində sözsüz ki, müəllimlərin rolu əvəzolunmaz və qiymətsizdir”. Bu sözləri SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.

O bildirib ki, müəllimlər səbrli və məsuliyyətli olmalıdır: “Hər bir peşə nümayəndəsi müəllimin süzgəcindən keçir. Buna görə də müəllimlik peşəsi çox şərəfli müqəddəs peşədir. Hər bir öz sahəsində uğurlu olan insanın, şəxsiyyətinin arxasında bir müəllimin imzası dayanır: “Bu gün ölkəmizdə müəllimə verilən dəyər daha yüksək ola bilər. İnanıram ki, həqiqətən də gələcəkdə müəllimə lazımi dəyər veriləcəkdir. Bu peşəni vicdanla, ləyaqətlə və peşə adına xərər gətirmədən çalışan bütün müəllimlərin peşə bayramını təbrik edirəm.
Gələcək nəsillərin uğurlu yetişməsində, onlara bilik və bacarıqların öyrədilməsində müəllimin mühüm rolu var. Həmçinin müəllimlər fərdlərin cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında əvəzsiz rola sahibdir. Müəllim öz şəxsi keyfiyyətlərini göstərərək şagird və tələbələrə nümunə olmalıdır. Buna görə də hər bir müəllim öz peşəsinə sədaqətlə və vicdanla yanaşmalıdır.
Nəzərə almalıyıq ki, artıq texnologiya dövründə yaşayırıq. Buna görə də müəllimlərə yaradılan şəraitdən düzgün istifadə edərək müəllimlər tələbələrə yenilənən məlumatları daha sürətli çatdıra bilərlər. Təbii ki, burada müəllimlərinin təfəkkürü, analitik qabiliyyəti də mühüm rol oynayır. Gənc müəllimlər tələbələrə bu yöndə daha düzgün istiqamət verə bilərlər. Qeyd etmək lazımdır ki, nəinki gənc, artıq bütün müəllimlər yeni texnologiyalarla ayaqlaşırlar. Təbii ki, texnologiyanın inkişafı da təhsil prosesinə öz müsbət təsirini göstərir”.