Çin Livandan 200-dən çox vətəndaşını təxliyə edib

2 Oktyabr 2024 15:35 (UTC+04:00)

Çin İsrailin quru hücumlarına başladığını elan etdiyi Livanda yaşayan 200-dən çox vətəndaşını təxliyə etdiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Beyrutdakı səfirliyindən verilən açıqlamada Livanda yaşayan 146 Çin vətəndaşı və 5 əcnəbi ailə üzvünün təyyarə ilə paytaxt Pekinə, 69 Çin vətəndaşı və 11 əcnəbi ailə üzvünün isə Rum Kiprinə aparıldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, təxliyə üçün kömək istəyən bütün vətəndaşlar ölkədən çıxarılıb. Təxliyələr İsrailin Livanın cənubundakı Hizbullah infrastrukturuna qarşı “məhdud və intensiv quru hücumlarına” başladığını elan etməsindən sonra baş verib. Livan ordusu həmçinin bildirib ki, İsrail ordusu cənubdan təxminən 400 metr aralıda Livan ərazisinə daxil olub. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi İsraildən Mavi Xəttin arxasına çəkilməsini və bu xətt ilə Livandakı Litani çayı arasındakı ərazini demilitarizasiya etməyi tələb edir. Burada yalnız Livan ordusu və Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələri silah və texnikadan istifadə edə bilər, hərbi texnikaya sahib olmağı nəzərdə tutur.