İsrail cənub sərhədini 400 metr pozdu

2 Oktyabr 2024 15:15 (UTC+04:00)

Livan ordusu İsrail ordusunun cənubdan təxminən 400 metr aralıda Livan ərazisinə daxil olduğunu bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda deyilir: "Düşmən İsrail qüvvələri mavi xətti pozaraq əl-Udeyse və Yarun qəsəbələri ərazisində təxminən 400 metr məsafədən Livan ərazisinə daxil olduqdan qısa müddət sonra geri çəkilib".

İsrail Ordusunun sözçüsü Daniel Hagari dünən İsrail ordusunun Livanın cənubunda Hizbullahın infrastrukturuna qarşı məhdud və intensiv qurudan hücumlara başladığını açıqlayıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi İsraildən mavi xəttin arxasına çəkilməsini və bu xətt ilə Livandakı Litani çayı arasındakı ərazini demilitarizasiya etməyi tələb edir. Burada yalnız Livan ordusu və Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələri fəaliyyət göstərə bilər.

2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib. Livan hakimiyyətinin məlumatına görə, Hizbullahın istifadə etdiyi rabitə vasitələrinin partladılması nəticəsində sentyabrın 17-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 1328 nəfər ölüb.

Hizbullah lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Hizbullah İsrailə raketlərlə cavab verir. Əsasən İsrail tərəfindəki ordu bazalarını hədəf alan bu hücumlarda ciddi dağıntı qeydə alınmayıb. İsrailin bombardmanları nəticəsində yüz minlərlə insan ölkə daxilində didərgin düşüb. Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, on minlərlə insanın Suriyaya köç etdiyi bildirilir.