Ali Təhsildə Keyfiyyət Təminatı üzrə ilk Simpozium - FOTOLAR

2 Oktyabr 2024 14:59 (UTC+04:00)

“ADA” Universiteti Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə əməkdaşlıq çərçivəsində 2024-cü il 26-27 sentyabr tarixlərində 31 ali təhsil müəssisəsindən 55 mütəxəssisin iştirakı ilə ali təhsildə keyfiyyət təminatı üzrə ilk simpoziuma ev sahibliyi etmişdir. SİA xəbər verir ki, tədbirin açılış nitqində TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov ali təhsil müəssisələrinin institusional akkreditasiyası kontekstində keyfiyyət təminatının əhəmiyyəti, əldə olunmuş təcrübə və ümumi tendensiyalar barədə faktları iştirakçıların diqqətinə çatdırmışdır.

İki gün davam edən simpoziumda həm yerli, həm də beynəlxalq ekspertlər tədrisin qiymətləndirilməsi, institusional akkreditasiya sahəsindəki irəliləyişlər, tədrisə müasir yanaşmalar, məlumatların hesabatlılığı və universitetlərdə keyfiyyət təminatı mexanizmlərinin müxtəlif strukturları haqqında fikirlərini bölüşüblər. Tədbir, ali təhsil müəssisələri arasında əməkdaşlıq və fikir mübadiləsi üçün platforma rolunu oynamışdır.

Tədbirdən sonra “ADA” Universitetinin Keyfiyyət Təminatı və Akkreditasiya şöbəsinin rəhbəri Maurus Roller simpoziumun uğurunu vurğulayıb: “Bu iki gün ərzində müsbət və məhsuldar mühit bütün gözləntilərimi qarşıladı. Bu, mövzunun əhəmiyyətini və ölkənin ali təhsil müəssisələrində keyfiyyət təminatı sahəsində çalışanların töhfələrini bir daha sübut edir.”

Bu fikri Almaniyanın Potsdam Universitetində Keyfiyyət və İnkişaf Mərkəzinin rəhbəri və tədbirin spikerlərindən biri olan Frank Niedermeier də bölüşüb: “Simpozium yaxşı təşkil olunmuşdu. Bu tədbirin bir hissəsi olmaqdan məmnun oldum, bu, təkcə iştirakçılar üçün deyil, həm də mənim üçün yaxşı bir təcrübə oldu.”

“ADA” Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov isə simpoziumun uğurunu nəzərə alaraq bu tədbirin hər il ənənəvi olaraq keçirilməsini planlaşdırdıqlarını qeyd edib.

Simpoziumun nəticəsi olaraq, iştirakçıların bir çoxu universitetlər arasında keyfiyyət təminatı sahəsində daha sıx əməkdaşlığa ehtiyac olduğunu vurğulamış və əməkdaşların təcrübələri paylaşmalarına, ümumi məsələlər və layihələr üzərində birgə işləmələrinə imkan verəcək bir platforma yaratmaq niyyətində olduqlarını ifadə etmişlər.