"Sadəcə müştəri cəlb etmək üçün belə bir ad qoyurlar" - MÜNASİBƏT BİLDİRİLDİ

2 Oktyabr 2024 14:57 (UTC+04:00)

""Uşaq yığım" əmanəti formal bir şeydir, addan ibarətdir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, onun digər əlamətlərdən fərqi yoxdur: "Sadəcə müştəri cəlb etmək üçün belə bir ad qoyurlar. Əvvəlcə onu deyim ki, uşaq yığım əmanəti (depozit) valideyn (qəyyum tərəfindən) və eləcə də yaxın qohum tərəfindən 18 yaşına çatmamış uşağın adına açıla bilər. Hesabı açmaq üçün valideynin(və ya qohumun) şəxsiyyət vəsiqəsi və uşağın doğum haqqında şəhadətnaməsi tələb olunur. Əmanət daxil edən şəxs uşağın əmanətə olan hüquqlarının təqdim olunması anına qədər əmanət qoyanın bütün hüquqlarına malik olur. Bəzi hallarda, yetkinlik yaşına çatmayan şəxs 14 yaşından öz hüquqlarına sahib olur.

Bir qayda olaraq banklar 14 yaşdan 18 yaşadək uşaqlar üçün depozit üzrə əməliyyatlar keçirmələrinə məhdudiyyət qoyurlar. Bu əməliyyatlar ancaq valideyn yaxud digər qanuni nümayəndə tərəfindən verilən yazılı icazə (etibarnamə) olduqdan sonra yerinə yetirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.7 bəndində də buna dair qeyd var: ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.

Azərbaycanda 5 bank uşaq yığım əmanəti təklif edir. Banklarda əmanətin bu növü AZN/USD valyutasında yerləşdirilər bilər. Avro valyutasında isə təkcə Xalq Bank əmanət qəbul edir, bu əmanətin yerləşdirilməsi şərtləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. "Uşaq yığım" əmanətinin qeyri-adiliyi və digər əmanətlərdən heç bir fərqi yoxdur. Adətən müddəti uzun olur. Bu o demək deyil ki, vətəndaş vaxtından əvvəl əmanəti çıxara bilməz. Digər əmanətlər də uzun müddət ola bilər. Yəni faiz dərəcələri də fərqlənmir. Sadəcə müştəri cəlb etmək üçün ad qoyulur. Xaricdə belə şeylər yoxdur. Bu, reklamdır. Adını "Uşaq yığım" əmanəti qoyurlar".